Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
Oktyabrın 19-21-də İtaliyanın paytaxtı Roma şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX) çərçivəsində İtaliya Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində səlahiyyətli orqanların əməkdaşlığı: aktual çağırışlar və müasir yanaşma” mövzusunda təlim səfəri keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, səfərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi Əmir Ocaqverdiyev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov və İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Teymur Qarayevin tərkibində nümayəndə heyəti iştirak edib.
Nümayəndə heyətini qəbul edən İtaliyanın Ədliyyə naziri Marta Kartabia ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğunu vurğulayaraq səfərin qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Daha sonra Ədliyyə Nazirliyin Beynəlxalq əlaqələr və hüquqi əməkdaşlıq Baş idarəsinin rəisi Stefano Opilio ilə ikitərəfli görüş keçirilib, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində ikitərəfli əlaqələrin genişlənməsinin zəruriliyi vurğulanıb.
Səfər çərçivəsində İtaliyanın Ədliyyə, Daxili İşlər Nazirlikləri və Baş Prokurorluğun nümayəndələri tərəfindən cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində rəqəmsal alətlərin istifadə olunması, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və idarə olunması mövzularında təqdimatlar keçirilib, həmçinin tərəflər üçün maraq kəsb edən digər məsələlər üzrə də qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB