"Bu fond yaşadıqca mənəvi dəyərlərimizə öz töhfəsini verəcək" - BƏHRUZ QULİYEV

"Bu fond yaşadıqca mənəvi dəyərlərimizə öz töhfəsini verəcək" - BƏHRUZ QULİYEV

"Azərbaycan dövləti dünyəvi dövlət olmaqla yanaşı, mənəvi dəyərlərimizi də qoruyub saxlayır. Bu dövlət siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulub". SİA-nın verdiyi məlumata görə, bu sözləri SƏS Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Bəhruz Quliyev Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının 5-ci ildönümünə həsr olunmuş “Mənəvi dəyərlər və dövlət siyasət” adlı hesabat-konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev sağlam cəmiyyəti formalaşdıraraq milli dəyərlərimizə bağlı gənclik yetişdirdi: "Hüquqi dövlətimizin formalaşması ilə yanaşı cəmiyyətimiz də inkişaf etdi. Bu gün mənəvi dəyərlərimizin təbliği işi dövlətin əsas siyasi xəttinə bağlıdır. 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması dövlətin dini icmalara, qurumlara münasibətinin bariz nümunəsi idi. Bu, dövlətin tolerantlıq siyasəti idi. Daha sonra isə DQİDK-in tərkibində İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətə başlaması bu sahədə olan problemlərin tədricən həllinə xidmət etdi".

Bəhruz Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bəzi məscidlərdə savadsız mollaların dindən danışması ikrah hissi yaradırdı: "Məclislərimizdə iştirak edən molların savadlı olması, dövlət və din münasibətlərindən danışması daha vacibdir. Bu dövlətin din siyasətidir. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması dövlətin mənəvi dəyərlər xəzinəsinə verdiyi dəyərdir. Fondun yaradılması mənəvi dəyərlərimizin deqradasiyaya uğramasının qarşısını aldı. Çünki bu bizim xəzinəmizdir. Bu xəzinəni inkişaf etdirmək lazımdır. Dövlətin bu strategiyası bu xəzinənin artırılmasına xidmət edir. Azərbaycan xalqının digər bir mənəvi dəyəri şəhid ailələri, qazilər və onların ailələridir. Biz bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürməliyik. Ulu Öndər Heydər Əliyev and içərkən qeyd edib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq olacağıma, onları ümumbəşəri dəyərlərlə zənginləşdirəcəyimə və inkişaf etdirəcəyimə and içirəm. Bu münasibət Ulu Öndərin mənəvi dəyərlərə münasibətidir. Bu gün Prezident İlham Əliyev tərəfindən aparılan siyasət inkişaf etdirilən dəyərlər kompleksidir. Azərbaycançılıq və milli ideologiyanın formalaşdırılmasında mənəvi dəyərlərimizin çox böyük rolu var. Ona görə də milli və mənəvi dəyərlərimizi qorumaq və zənginləşdirmək bizim borcumuzdur. Əminəm ki, bu fond yaşadıqca mənəvi dəyərlərimizə öz töhfəsini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə