Cəbrayılın azad edilməsi Qələbənin parlaq səhifəsidir ŞƏRH

Ermənistan silahlı qüvvələri 1990-cı illərin əvvəllərində beynəlxalq hüququ kobud şəkildə pozaraq beynəlxalq təsisatların və dünya dövlətlərinin rəsmi tanıdığı suveren Azərbaycan dövlətinin ərazilərini işğal etmişdir. Nəticədə Azərbaycanın 20 faiz torpağı zəbt edilmiş, həmin ərazilərdə yaşayan etnik azərbaycanlılar müxtəlif işgəncələrə məruz qalaraq, daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuşdur. Ermənistanın işğalçılıq siyasəti minlərlə soydaşımızın öldürülməsinə, şikəst edilməsinə səbəb olmaqla yanaşı, işğal olunan ərazilərimizdə də misli görünməmiş talançılıq həyata keçirilmişdir. Bütün şəhərlər, kəndlər, yaşayış məntəqələri dağıdılmış, etnik azərbaycanlıların tarixi irsinin silinib, məhv edilməsi, bu torpaqların Azərbaycana məxsusluğunun inkar edilməsi məqsədilə tarixi, mədəni, dini abidələr yerlə-yeksan edilmişdir.

Bir sözlə, bu illər ərzində erməni vəhşiliyi sərhəd tanımamış, Azərbaycana məxsus olan tarixi ərazilər məhv edilmişdir. 27 il davam edən işğalın fəsadları dövlətimizə və xalqımıza milyardlarla dollar məbləğində iqtisadi zərər vurmuşdur. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonu da Ermənistanın vandalizm siyasətinin qurbanı olmuşdur. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymiş, buradakı evlər, infrastruktur obyektləri ciddi dağıntılara məruz qalmışdır. Böyük ürəkağrısı ilə bildirmək lazımdır ki, işğaldan əvvəlki Cəbrayıl rayonu ilə rayonun indiki mənzərəsi arasında müqayisə dəhşət doğurur.

Təəssüflə bildirmək lazımdır ki, ermənilərin əsassız torpaq iddiaları əsasında başqa müstəqil dövlətin ərazisində, suveren sərhədləri daxilində "Böyük Ermənistan dövləti" yaratmaq xülyaları böyük faciələrə səbəb olmuş, bu məkrli əməllərin bütün dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq bu beynəlxalq cinayətlərə dur deyən olmamışdır. Azərbaycan uzun illər boyu üzləşdiyi işğal, soyqırımı, vandalizm aktları ilə bağlı beynəlxalq təşkilatları, dövlətləri və dünya ictimaiyyətini məlumatlandırsa da Ermənistana bununla bağlı heç bir təzyiq olunmamış və cəzasızlıq mühitindən maksimum bəhrələnən Ermənistan isə öz arzularını reallaşdırmaq yolunda müxtəlif təxribatlar törətmişdir. Tarixin bütün dövrlərində radikal mövqeyi, qeyri-bəşəri və qeyri-insani hərəkətləri ilə seçilən ermənilərin torpaq iddiaları təkcə Azərbaycana qarşı deyil, digər bir sıra dövlətlərin ərazilərinə qarşı da iddiaları var. Bu isə o deməkdir ki, başqa dövlətlərin və xalqların tarixi, mədəni, milli-mənəvi dəyərlərini mənimsəməklə saxta olaraq o dəyərlərin özlərinə aidliyini dünyaya nümayiş etdirmək istəyirlər. Bununla da özləri üçün əsası olmayan, heç bir tarixi fakta söykənməyən keçmiş yaratmaq istəyirlər. Ancaq dünya anlamalıdır ki, xəmiri saxtakarlıq üzərində yoğrulan ermənilərin əməlləri bütün dünya üçün təhdiddir. Çünki bu təxribatlar gələcəkdə yeni-yeni münaqişə ocaqlarının yaranmasına, dünya düzəninə, dövlətlərin suveren ərazilərinə və insanların təhlükəsizliyinə ciddi riskdir.

Beynəlxalq hüququn aliliyini daim qəbul edən və bunu bütün münaqişələrin həllində ən faydalı və alternativsiz vasitə kimi qəbul edən Azərbaycan isə uzun illər boyu sərgilədiyi mövqenin tam əksi ilə üz-üz qalıb. Dövlətimizin və xalqımızın mövqeyini dəfələrlə beynəlxalq tribunalardan bəyan edən dövlət başçısı İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqının səbri tükənməz deyil və bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək. Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var, sülh yolu nəticə verməzsə, Ermənistan məkrli niyyətlərindən əl çəkməzsə, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü bərpa edəcək və tarixi torpaqlarını işğaldan azad edəcək. Lakin dünya Azərbaycanın verdiyi açıq mesajdan nəticə çıxarmamış, işğalçı dövlətlə işğala məruz qalmış dövlətə eyni münasibəti sərgiləyərək, hətta bəzi məqamlarda hadisələrə ikili standartlardan yanaşaraq mövcud vəziyyətin həllində maraqlı olmadıqlarını sübut etmişdir.

Azərbaycan dövləti və xalqı isə verdiyi sözü tutmuş, Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycanla dövlət sərhədində törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başlamışdır. Dövlətimizin və xalqımızın həyatında, tarixində əsl qəhrəmanlıq və cəsarət göstəricisi olan, milli qürurumuzu özümüzə qaytaran və 44 gün davam edən Vətən müharibəsində bir sıra tarixi torpağımızla yanaşı, Cəbrayıl rayonu da işğaldan azad edilmişdir. Bu qələbə, həm də son 200 il ərzində ermənilərin etniktəmizləmə, soyqırımı və işğalçılıq siyasətinin qurbanı olmuş azərbaycanlıların qisasının alınması idi. Qəhrəman Azərbaycan Ordusu öz qətiyyəti, peşəkarlığı, cəsarəti ilə Vətəninə, torpağına, xalqına bağlılığını, sevgisini sübut etmişdir. Qorxmazlığın və mərdliyin əsl nümunəsini göstərən şanlı ordumuz düşməni dizi üstə çökdürərək, tarixi zəfərə imza atmış, ərazi bütövlüyümüzü təmin etmiş, saxta "güclü Ermənistan ordusu" mifini, yalanını yerlə bir etmişdir.

Bu gün torpaqlarımız artıq azaddır. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyada böyük tarix yazan, qəhrəmanlıq salnaməsinə imza atan ordumuz haqqı, ədaləti təmin etdi, beynəlxalq hüququn pozulmuş maddələrini yerinə yetirdi. Bu zəfəri xeyirin şər üzərində qələbəsi də adlandırmaq olar. Bu gün işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, əvvəlki görkəminə və ruhuna qayıdır. Qaçqın və köçkünlərin ən qısa zamanda öz yurd-yuvasına geri qayıtması üçün təxirsalınmaz dövlət proqramları icra olunur. Bir sözlə, Qarabağımız yenidən inkişaf edəcək, dirçələcək, dünya Azərbaycanın qüdrətinin və qətiyyətinin şahidi olduğu kimi, buradakı abadlıq, quruculuq işləri ilə humanist və ümumbəşəri dəyələrə verdiyi töhfələrin də şahidi olacaq. Sübut edəcək ki, biz azərbaycanlılar ermənilərdən fərqli olaraq yıxmırıq, dağıtmırıq, talamırıq, qururuq, yaradırıq, inşa edirik. Dünyaya, insanlara sivil dəyərləri aşılamaqla öz simamızı və kimliyimizi göstəririk.

Vüsar İSMAYILOV,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə