İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri: infrastruktur yenilənir TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə səfəri zamanı erməni faşistlərinin törətdiyi vəhşiliklərlə tanış olur, öz tapşırıq və göstərişlərini verir. Xatırladaq ki, Cənab Prezidentin 2020-ci ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və dövlət başçısı tərəfindən Füzuli - Şuşa avtomobil yolunun təməli də qoyuldu. Beləliklə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi. Dövlət başçısının tapşırığı ilə qısa bir zamanda bir neçə yol layihəsinin icrasına başlanıldı və bu gün uğurla davam etdirilir. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları qeyd olunmalıdır. Belə ki, dövlət başçısı tərəfindən Füzulidə təməli qoyulan beynəlxalq hava limanının 8 ay ərizində inşası və istifadəyə verilməsi iqtisadi gücümüzü göstərdi. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verildi. Ağdam, Şuşa, Zəngilan kimi işğaldan azad olunun ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə artıq bir qism əhali köçürüldü. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə məskunlaşıblar. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırıb.
YENİ YOL LAÇIN BEYNƏLXALQ HAVA LİMANINA QƏDƏR RAHAT GEDİŞ-GƏLİŞİ TƏMİN EDƏCƏK
Xatırladaq ki, 2021-ci ilin avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Laçın rayonunda beynəlxalq hava limanının təməli qoymuşdu. Bu ərazilərdə tezliklə beynəlxalq hava limanları istifadəyə veriləcək ki, bu da bölgənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Əlbəttə ki, belə irimiqyaslı lahiyələrə start verilməsi işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir. Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açacaqdır.Dövlət başçısı Laçına səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub.Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir.Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 12 avtomobil tunelindən 5-nin (T1, T2, T5, T6 və T7) tikinti işləri uğurla davam etdirilir.
Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda bu tunelin giriş portalının tikintisi həyata keçirilir. Uzunluğu 354,4 metr olan T2 tunelində giriş istiqaməti üzrə 115,8 metr qazma işləri görülüb. Uzunluğu 448,7 metr olan T5 tunelində çıxış istiqaməti üzrə 331 metr qazma işləri aparılıb. T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri yerinə yetirilib. T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb. Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsullarla qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağı üçün təməlin hazırlanması, yamacların formaya salınması, 12 düzbucaqlı və 4 dairəvi borunun inşası işləri davam etdirilir.Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci və üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur.Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
Bununla yanaşı, Prezident İlham Əliyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlini qoyub. Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.
BİZİ ZƏFƏRƏ DOĞRU APARAN MÜDRİK SİYASƏT
Bildiyimiz kimi, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Müstəqilliyimizin ilk illəri hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Belə bir zamanda, Azərbaycanın 20 faiz torpaqları işğal altına düşdü. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində baş verdi. İşğalçı və təcavüzkar Ermənistan üzərində bu böyük tarixi qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin düşünülmüş, ardıcıl və məntiqi siyasəti, hərbi bacarığı, məharəti həlledici rol oynadı.Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Vətən müharibəsində baş verən hadisələr, aparılan uğurlu hərbi əməliyyatlar, eyni zamanda, Ermənistanın Azərbaycanın dinc mülki əhalisini terrora məruz qoyması konkret faktlarla dünya ictimaiyyətinə çatdırıldı. 30-dan artıq dünya KİV-lərinə müsahibələrində Cənab Prezidentin siyasi hazırlığı, məntiqi düşüncəsi, əsas hədəfə istiqamətlənmiş açıqlamalar diqqəti çəkdi. Cənab İlham Əliyev informasiya mübarizəsinin də qalibi oldu. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, xalq-iqtidar birliyi, siyasi həmrəylik düşmən üzərində tam və qəti qələbənin təmin edilməsində əhəmiyyətlidir. Bu gün Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük quruculuq işlərinə start verib. Bu 30 il ərizində Ermənistan işğal etdiyi ərazilərin bütün infrastrukturunu, maddi-mədəniyyət abidələrimizi dağıtmış, bu ərazilərdəki meşələrimizi yandırmış, məhv etmişdir. Təbii ki, Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı qeyd etdiyimiz bu və ya digər layihələrin reallaşlmasına imkan verir. 30 ilə yaxın işğalda olan torpaqların bərpası, yenidən qurulması vaxt və maliyyə imkanları tələb edir. Bu gün işğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrastruktur yaradılır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB