Xalq arasında nifaq salmaq insanlığa yaraşmayan hərəkətdir - SORĞU
Son zamanlar sosial şəbəkələrdə bəzi şəxslər şəhid ailələrinin adından istifadə edərək müxtəlif mövqedə çıxış edirlər. SİA mövzu ilə bağlı şəhid ailələrinin fikirlərini öyrənməyə çalışıb:
Birinci Qarabağ müharibəsi iştirakçısı Altay Babaşov: "Birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak etmişəm. Lakin qazi statusunu almağıma rəğmən əlillik statusunu almamışam. Son zamanlar ordumuzun ermənilərə qarşı qazandığı qələbəyə kölgə salmaları çox mənfi bir hadisədir. Hər dəfəsində Qarabağda hər hansı təxribat və ya münaqişə olduqda bəzi qüvvələr cəmiyyətimizdə çaşqınlıq yaratmağa çalışır. Dövlətin, torpağın şəhidi olmasa dövlətimizin qiyməti olmaz. Birinci Qarabağ müharibəsində də şəhidlərimiz var idi. Amma bu, o demək deyil ki, biz məğlubuq. Hazırda biz şəhid verməyərək nəyəsə nail ola bilmərik. Biz Prezidentin uğurlu xarici və daxili siyasəti ilə prosesi müharibə yolu ilə yox, sülh yolu ilə həll etməyə çalışırıq. Təəssüflər olsun ki, biz erməni xislətinə bələdik. Azərbaycanın siyasəti göz qabağındadır. Əlbəttə ki, heç kim müharibə istəməz. Bu səbəbdən sosial şəbəkələrdə yayılan fikirlərlə qətiyyən razı deyiləm. Müharibədə iştirak etdiyimə görə qürur duyuram. Biz ermənilərdən də ayıq-sayıq olmalıyıq. Bütün əsgərlərimizə diqqət və qayğı göstərməliyik. Hazırda respublikada elə bir ab-hava var ki, amma bunu səhv nümayiş etdirirlər. Biz bütün şəhidlərə dəyər veririk. Biz Vətən uğrunda döyüşürük. Yeri gəlsə Vətən uğrunda da ölərik. Gənclər gələcəyə nikbin baxmalıdır. Bir hərəkət edəndə min ölçüb bir biçmək lazımdır".
Şəhid İsrail Məmmədovun həyat yoldaşı İpək İsmayılova: "Yoldaşım 1991-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Bəzi qüvvələr sosial şəbəkələrdə şəhidlərimizin qanından istifadə etməməlidir. Biz şəhid ailələri olaraq Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Həmin şəxslərə bir şəhid ailəsi olaraq səslənirəm onlar bu cür paylaşımlar edərək şəhidlərimizdən istifadə etməməlidir. Biz erməniləri yaxşı tanıyırıq. Onların necə bir varlıq olduğunu yaxşı bilirik. Bu səbəbdən Vətənimizə sahib çıxmalı və onu qorumalıyıq. Şəhid ailələri olaraq dövlətimizin yanındayıq. Gənclərimiz bu cür təxribatlara inanmamalıdır".
Şəhid Murad Qurbanovun anası Mehriban Əmrahlı: "Oğlum İkinci Qarabağ müharibəsində iştirak edib. Oğlum 1996-cı il təvəllüddür. Mən övladımla bu gün fəxr edirəm. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Xəbərimiz olmadan evimizdə qəhrəman böyütmüşük. Bu gün bizim övladlarımız başımızı dik, alnımızı açıq edib. Biz heç kimin malına, dövlətinə göz dikməmişik. Həmişə haqqımızı tələb etmişik. Amma Vətənin bu dar günündə şəhid ailələrinin, şəhid analarının adından istifadə edərək öz pis əməllərini, fikirlərini yürütmək, xalq arasında nifaq salmaq insanlığa yaraşmayan hərəkətdir. Sosial şəbəkələrdə çirkin fikirləri yürüdən şəxslərin hansı biri gəlib qapımı döyüb? Mənə maddiyyat lazım deyil. Mənə mənəvi cəhətdən dəstək lazımdır. Bu 23 ayda Səbail rayon icra başçısı Vüqar Zeynalov, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail rayon bələdiyyəsinin sədri Hacı müəllim bu 23 ayda bizimlə olublar. Bir şəhid anasına, şəhid ailəsinə bundan artıq nə lazımdırki?".
Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova: "Cəmil əsgər getdikdən üç ay sonra müharibə başladı. Oğlum 2020-ci ilin oktyabr ayının 15-də şəhid oldu. Oğlum şəhid olduğu günə qədər biz onun müharibədə olduğunu bilməmişik. Evimizin tək oğlu idi. Bu gün də şəhidlərimiz var. Hər dəfəsində şəhid xəbəri eşitdikdə ürəyimiz dağlanır. Bu gün Azərbaycanın qeyrətli oğulları var. Şəhidlərimizi önə çıxardaraq, bizdən istifadə edərək onların ruhunu incitmək lazım deyil. Mən bu cür insanları azərbaycanlı kimi görmürəm. Bizim millətimiz gözəl millətdir. Allah bütün şəhidlərimizin ruhunu şad etsin".
Şəhid Bilal Qənbərovun anası Gültəkin Qənbərova: "1993-cü ildə oğlum dünyaya gələndə düşünürdüm ki, o, böyüyənə qədər müharibə bitmiş olar. Öz ad günündə - 29 sentyabrda Bilal cəbhəyə yollandı. Həmin gün əmisi qızı Bilalı təbrik edəndə Bilal deyib ki, gedirəm Vətəni qorumağa. Şuşaya bayraq sancacam. Şuşaya bayraq sancmaq ona qismət olmadı. Amma Şuşaya sancılan bayrağı Bilalın əsgər yoldaşları mənə verdilər. Oğlumun Nazlı adında bir qızı var. Bəzi şəxslər sosial şəbəkələrdə bizim adımızdan istifadə edərək mənfi fikirlər paylaşırlar. Bu düzgün bir hərəkət deyil. Səbail ictimaiyyəti hər zaman bizim yanımızda olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB