Azərbaycanın mövqeyi məlumdur və dəyişməzdir

Azərbaycanın mövqeyi məlumdur və dəyişməzdir

“...Bizim üçün döyüş səhifəsi arxada qalıb və düşmənlə artıq regionda sülh sazişinin imzalanması istiqamətində real addımlar atırıq və çox təəssüflər olsun ki, Azərbaycanın Ermənistana uzatdığı “sülh əli”ni Ermənistan normal qaydada sıxa bilmir və sıxdığı əlin arxasında dura bilmir, hansı ki, Ermənistan dövlətinin taleyi Azərbaycanla sülh sazişinin imzalanmasından asılıdır".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

44 günlük Vətən müharibəsində acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan son vaxtlar Azərbaycanla dövlət sərhədi boyunca ardıcıl təxribatlara əl atır. Açıq-aydın görünür ki, bu ölkədə iqtidardakı və müxalifətdəki ayrı-ayrı qüvvələr 44 günlük müharibənin nəticələrini, özlərinin acınacaqlı məğlubiyyətini və Böyük Qələbəmizdən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına, regionda həyata keçirdiyi genişmiqyaslı quruculuq, bərpa işlərinin və bir sıra infrastruktur layihələrinin reallaşdırılmasını həzm edə bilmir. Bu, bir həqiqətdir ki, bu gün Ermənistanın revanşist qüvvələri və həmin revanşist qüvvələrə dəstək göstərən erməni diaspora və lobbi təşkilarlarının gözü bu prosesi götürmür və bu proseslə barışmaq istəmirlər.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verdi. Ermənistan silahlı qüvvələrinin 12-13 senytyabr tarixlərində irimiqyaslı təxribata əl atması, bir necə gün ərzində Azərbaycanın sərhəd rayonlarını intensiv atəşə tutması, hərbçilərimizlə yanaşı Laçın və Kəlbəcər rayonlarında quruculuq işlərinə cəlb olunmuş mülki şəxsləri də hədəfə alması və təminat yollarının minalanması hal-hazırda da dünya mediasının diqqət mərkəzindədir.

Məğlub ölkə üçün nəticə çıxartmağın vaxtı deyilmi?

Azərbaycan postmüharibə mərhələsində dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, məğlub ölkədə həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Ermənistanın növbəti avantürası bir daha təsdiqlədi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım bu ölkənin özü üçün yeni faciələrə səbəb olacaq. Dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması məqsədilə Ordumuzun gördüyü qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, respublikamızın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Artıq Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bunun da sayəsində nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu əməliyyat zamanı Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Hazırda Ermənistanda xəstəxanalarda yüzlərlə yaralı var.

Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Ermənistan Müzəffər Azərbaycan Ordusunun növbəti dərslərindən də “qeyri-kafi” qiyməti aldı. Nəhayət, məğlub ölkə üçün nəticə çıxartmağın vaxtı deyilmi?

Sapı özümüzdən olan baltalar

Məlum olduğu kimi, sonuncu təxribat və döyüşlər zamanı Azərbaycan Ordusu 80 nəfərə qədər itki verdi, 200 nəfərdən çox yaralımız var. Ermənistanın başıpozuq silahlı birləşmələrinin xaincəsinə hücumu nəticəsində həlak olan hər bir Azərbaycan əsgərinin sayına görə dəfələrlə çox itki verən erməni tərəfinin kifayət qədər hərbi texnika və silahları da sıradan çıxarılıb. Beləliklə, 2020-ci ildəki məğlubiyyətin pərtliyindən hələ də özünə gələ bilməyən işğalçı qüvvələrin daha bir uğursuz cəhdi baş tutmadığından isterikaya düşən Ermənistan hakimiyyəti çıxış yolu kimi, guya bu ölkənin suverenliyinə, ərazi bütövlüyünə qəsd olunduğu, mülki obyektlərə ziyan dəydiyi barədə saxta təbliğata üstünlük verməyə başladı. Bu saxta təbliğatın fonunda xaricdəki milli xəyanətkar və satqın dəstə, habelə daxildəki radikal kəsimdən olan bəzi ünsürlər Azərbaycan Ordusunun müqavimətini gözdən salmağa çalışırlar.

Sonuncu erməni təxribatının qarşısının alınması Ermənistanı bu provakasiyaya sövq edən xarici qüvvələri narahat etdiyi kimi, “sapı özümüzdən olan balta”ları da hərəkətə keçirib. Son günlər ermənipərəst dairələrin sifarişi əsasında canfəşanlıq etdiyi şübhə doğurmayan radikal müxalifət nümayəndələri və xaricdəki anti-Azərbaycan qruplaşmaların üzvləri olan şəxslərin erməni təbliğatı ilə sinxron fəaliyyəti bunun bariz sübutudur.

Öz dövlətinə düşmən münasibət bəsləyən bu uzdəniraq dəstənin hakimiyyətə muxalifliyi dövlətə qarşı çıxış etməklə, xəyanət yolu tutmaqla səhv salması onlara uğurlu siyası gələcək vəd etmir. Lakin bunu anlamayan, ya da bilərəkdən xəyanət yoluna baş vuran Əli Kərimli, Arif Hacılı, Sevinc Osmanqızı, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Tural Sadıqlı, Əfqan Muxtarlı, Altay Göyüşov, Süleyman Süleymanlı, Qalib Məmmədov, Orxan Ağayev, Qubad İbadov, Manaf Cəlilzadə və digərləri düşmən təbliğatına alət olmaqdan belə çəkinmirlər.

Ən acınacaqlısı odur ki, onların da sərhəd toqquşması ilə bağlı mövqelərindəki arqumentlər ermənilərin saxta təbliğatının tərkib hissəsidir. Belə ki, guya hələ heç bir demarkasiya və demilitasiya aparılmayan sərhəd xəttində Ermənistanın ərazisinə keçmişik, buna görə beynəlxalq aləm bizi qınayacaq, bunun ziyanını çəkəcəyik və s. kimi cəfəng arqumentlərlə bəzənmiş bəyanatlar xəyanətkar dəstə tərəfindən dövriyyəyə buraxılır. Amma saxtakar açıqlamalar verən Ermənistan hakimiyyəti və revanşist qüvvələrdən, onların təbliğatını aparan bizim milli xainlərdən soruşan yoxdur ki, Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisinin, eyni zamanda ölkəmizin İran İslam Respublikası ilə sərhəd xətti bəlli olan yüzlərlə kilometr dövlət sərhədinin 30 ildir işğal altında saxlanması hansı beynəlxalq hüquqa və normaya uyğun idi? İndiki vəziyyətlə paralel aparılması mümkünsüz olsa da, Azərbaycandan söhbət gedəndə ərazi bütövlüyü və suverenlik məsələsinin yaddan çıxması, yaxud sadəcə sakitcə ötüşdürülməsi ikili standartların ən son nümunəsidir. Bu cür rəzil formada mövqe ortaya qoyulması Azərbaycan dövlətinin nüfuzuna və suverenliyinə hörmətsizlikdən başqa bir şey deyil.

Görünən odur ki, düşmən təxribatının qarşısının alınması üçün görülən müvafiq tədbirləri alqışlamaq əvəzinə, bu hərbi əməliyyatları gözdən salmağa hesablanmış davranış sərgiləyən radikal müxalifət bununla təkcə dövlətə xəyanət yolu tutmur, həm də Vətən uğurunda, ölkəmizin ərazi bütövlüyü üçün döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğulların da ruhuna sayğısızlıq nümayiş etdirirlər.

Əlbəttə ki, ölkəmiz üçün taleyüklü bu çətin günlər də arxada qalacaq, nə vaxtsa dövlətimizin sərhədlərində təxribatlara da son qoyulacaq. Ötən əsrdə olduğu kimi, torpaq naminə canlarından keçən qəhrəman övladlarımız rəhmətlə anılacaq və onların adları qızıl hərflərlə şanlı zəfər tariximizə yazılacaq. Vətənin dar günündə xəyanət yolu tutanlar isə tarixdə daim lənətlənəcəklər.

Qafqaz Əvəzoğlu

AJB Şərqi Zəngəzur Regional Təşkilatınınm sədri

Bütün xəbərlər Facebook səhifəmizdə