"27 sentyabr tarixi işğala dirənişin rəsmiləşdiyi gündür" - DEPUTAT ŞƏRH ETDİ

"27 sentyabr tarixi işğala dirənişin rəsmiləşdiyi gündür" - DEPUTAT ŞƏRH ETDİ

"27 sentyabr 2020-ci il tarixi Azərbaycanın müqəddəs 44 günlük müharibəyə cavab zərbəsi ilə başladığı gündür. Bu bizim tariximizin mühüm və şərəfli salnaməsidir. 30 il ərzində işğal altında olan torpaqların azad olunması, qurtuluş və xilas müharibəsinə çevrilməklə bir çox əsrlərin özlüyündə təmsilçisinə çevrildi. Vaxtilə babalarımızın, əcdadlarımızın yaşadıqları bu torpaqlarda 27 sentyabr 2020-ci ildə bu savaşa qalxaraq dünya səviyyəsindəki tarixi Zəfərini reallaşdırdı. 27 sentyabr bu mənada bütövlükdə bir ayı yox, fərqli bir siyasi təqvimi qərarlaşdırdı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, islam dünyasına baxdıqda ərazisi əsrlər boyu tapdaq altında qalan, bu gün də təcavüz altında yaşayan xalqları görürük: "Bu anlamda Zəfər hərəkatımızın başlanğıc günü onlar üçün də xüsusi məna daşıyır. Həmçinin SRRİ-nin dağılması ilə dünyada çoxlu himayədar qazanmış erməni lobbisi ikinci erməni dövləti yaratmaq istəyirdi. Bizim davamız haqqı və ədaləti özündə təcəssüm etdirir. Ali Baş Komandan İlham Əliyevin 27 sentyabrda xalqa müraciəti dünya tarixində sərkərdələrin öz millətinə etdiyi xitablarla bir qəbul edilir. Düşünürəm ki, zaman keçdikcə bunun gerçək miqyasını və tarixi önəmini daha da dərindən dərk edəcəyik. Biz qardaş Türkiyənin mənəvi və siyasi yardımını öz üzərimizdə hiss etməklə hərbi meydanda savaş aparırdıq. Çox təəssüflər olsun ki, tarixdə biz bu üçlüyə - xalqın, dövlətin və liderin vəhdətinə nail ola bilməmişik. Ümummilli Lider Heydər Əliyev kimi güclü liderə sahib olmuşuq. Amma həmin dövrdə xalq müxtəlif səbəblərdən gücdən salınırdı".

Zahid Oruc fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün də düşmən sərhədlərimizdə təxribatlar törətməyə çalışır: "Sentyabrın 12-14-də baş verən hadisələrdə Azərbaycan qarşı tərəfə layiqincə cavabını verdi. Biz hazırda Zəngəzura gedən böyük yoldan danışırıq. Bu baxımdan 27 sentyabr tarixi işğala dirənişin rəsmiləşdiyi gündür. Bizim Zəfərimiz bölgədə sülh və əmin-amanlığın yaradılmasına xidmət edir. Sentyabr ayı bizim Zəfərimizin, müqəddəs savaşımızın başladığı aydır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə