Seçim etmək üçün Ermənistanın nəinki vaxtı, heç şansı da qalmayıb... ANALİTİK+AKTUAL

Seçim etmək üçün Ermənistanın nəinki vaxtı, heç şansı da qalmayıb... ANALİTİK+AKTUAL

Karen Koçaryan: “ABŞ Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsindən istifadə etmək qərarına gəlib”

ABŞ rəsmisi Nensi Pelosinin Ermənistana səfəri ölkə daxilindəki siyasi gücləri bir-birinə vurub. Belə ki, Qərb tərəfdarı olan hakimiyyət, eləcə də hakimiyyətə qarşı müxalifətdə olan amerikapərəst müxalifətlə Rusiya yanlısı hesab edilən rusiyapərəst müxalifətlə qarşı-qarşıya gəlməkdədirlər. Maraqlıdır ki, hər iki tərəf ölkənin maraqlarının satılmasında bir-birlərini ittiham hədəfinə çevirirlər. O cümlədən, çıxış edən politoloqlar və siyasi texnoloqlar da hər şeyin məhz hakimiyyətdən asılı olduğunu deyirlər. Onlara görə zamanında doğru qərarlar verilməzsə, Ermənistanın xəritədə qalmaq şansı da get-gedə azalmağa başlayacaq.

Vaşinqton hər zaman erməni ictimaiyyətini rusiyayönümlü kimi qəbul edib, indi isə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi dominantlıq təşkil edir

“ABŞ Nümayəndələr palatasının sipkeri Nensi Pelosinin səfəri iki əsas hədəfi nəzərdə tutub – seçkiqabağı (Konqresin Nümayəndələr palatası-R.R.) kampaniya və anti-Rusiya əhval-ruhiyyəsindən istifadə etmək”. SİA xəbər verir ki, bunu “Sputnik-Armeniya”ya siyasi texnoloq Karen Koçaryan keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, ABŞ-ın Nümayəndələr palatasına seçkilər artıq cari ilin noyabrında keçiriləcək. Pelosinin özü isə İrəvanda bəyan edib ki, Kaliforniya əhalisinin 40%-i ermənilərdən ibarətdir. O, paralel olaraq ermənilərin yığcam yaşadıqları ştatların konqresmenlərini də nümayəndə heyətinə daxil edib.

Koçaryanın sözlərinə görə, Vaşinqton hər zaman erməni ictimaiyyətini rusiyayönümlü kimi qəbul edib, indi isə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi dominantlıq təşkil edir. Təbii ki, ABŞ da bu fürsətdən istifadə etməklə təşəbbüsü öz əlinə almaq qərarını verib.

Ermənistanın sərhədlərində Türkiyə, Azərbaycan, İran və Rusiya orduları qalacaq

Bununla yanaşı, Koçaryan Pelosinin Ermənistanı tərk etməsinin ardınca sərhəd bölgələrdə vəziyyətin gərginləşəcəyindən də ehtiyat etdiyini bildirib. Onun fikrincə, hətta Pelosinin səfərindən sonra da regionda yeni oyunçular olmayacaq. Ermənistanın sərhədlərində Türkiyə, Azərbaycan, İran və Rusiya orduları qalacaq. Məhz bu kontekstdən çıxış edən erməni politoloqu Ermənistan hakimiyyətinə çağırış edərək bildirib ki, situasiyanı ayıq başla qiymətləndirsinlər və mümkün görünən hərbi əməliyyat təhlükəsinin qarşısını almaq üçün səy göstərsinlər. Yəni regiondakı güclü ölkələrin maraqlarına zidd getməyərək münasibətləri daha da korlamasınlar.

Erməni polittexnoloqu: “KTMT-nin İrəvana dəstək göstərmədiyi qədər Ermənistan da Rusiya üçün Cənubi Qafqaz məsələsində lazım deyil”

“Əgər strateji müttəfiq ümidləri doğrultmadısa və özünü məhz Türkiyənin Azərbaycana münasibətində olduğu kimi aparmayıbsa, bu o demək deyil ki, bu günə qədər olan bütün münasibətləri pozmaq lazımdır”, deyən Karen Koçaryan əlavə edib ki, yaranmış situasiyada KTMT-nin İrəvana dəstək göstərmədiyi qədər Ermənistan da Rusiya üçün Cənubi Qafqaz məsələsində lazım deyil. O hesab edir ki, dəyişilə biləcək mövcud imkanlar olmadan KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxmaq adekvat qərar hesab edilə bilməz.

“Qoy kağızda göstərsinlər ki, hansı silahlar necə veriləcək, hansı güclər buraya göndəriləcək, yaxud KTMT-dən və ya Avrasiya İqtisadi İttifaqından çıxdıqdan sonra enerji daşıyıcılarına qoyulan qiymətlər necə olacaq, AES üçün iran tədarükünü haradan alacağıq. Suallar çoxdur və cavablar da kağızlarda olmalıdır”, deyə erməni siyasi texnoloqu bildirib.

Polittexnoloq mövcud siyasi situasiyanı şahmat lövhəsi ilə eyniləşdirib. Onun sözlərinə görə, Ermənistan firuqları hərəkətə gətirmək imkanlarından məhrub olub və hətta özü fiqur deyil, olsa da belə “peşkadır”. SİTAT: “Ölkə hakimiyyəti “vəzir” ola biləcəyini sanan “peşkadır” və təqsirkarları axtarmağa başlayıblar. Əlbəttə, Ermənistandakı vəziyyət kifayət qədər ağırdır, belə ki, region geosiyasi oyunçuların maraqlarının toqquşması yolayrıcına çevrilib. Biz isə həmin yolayrıcının mərkəzindəyik”.

Beləliklə, seçim Ermənistanındır və əslində seçim olub, sadəcə qalır bu seçim qarşılığında Ermənistanın uzun illər onu ayaqda saxlamağa çalışan ağalarına hansı cavabı verməsinə. Bir tərəfdən anti-Amerika Rusiyası, digər tərəfdən isə ABŞ-ı özünə qatı düşmən elan edən İran. Biz hələ Türkiyə-Azərbaycan güc tandemini də ortaya qoyarsaq tamamilə fərqli bir mənzərə yaranmağa başlayır. Proses davam edir, seçim etmək üçün isə Ermənistanın nəinki vaxtı, heç şansı da qalmayıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə