Siyasi partiya rəhbərlərinin erməni təxribatına BAXIŞI - SORĞU
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. SİA mövzu ilə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin fikirlərini öyərənməyə çalışıb:
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, Ermənistan Azərbaycana qarşı təxribat törətdi və layiqli cavabını da aldı: "Aydın görünür ki, Ermənistan revanşist əhval- ruhiyyədən əl çəkməyib. Azərbaycan ordusu da məhz döyüş sahəsində ermənilərin həm canlı qüvvələrini, həm də külli miqdarda olan silah-sursatını, hərbi texnikasını sıradan çıxartdı. Məhz bu hərbi-siyasi üsul davam etdirilməlidir".
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov qeyd edib ki, Azərbaycan respublikasının Müdafiə Nazirliyindən verilən rəsmi məlumata görə sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib: "Prezident İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edərkən Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar məsələsini bir daha gündəmə gətirib, Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Dünya birliyinə, o cümlədən, erməni təxribatlarını görməzdən gələrək ona dəstək verməkdə davam edən qüvvələrə yaxşı məlumdur ki, ardıcıl olaraq sərhəddə silahlı toqquşmalar təşkil edən qonşularımızın əsas məqsədi aparılan sülh danışıqlarını pozmaq, sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə çalışmaqdır. Törədilən hər təxribatdan sonra Ermənistan silahlı qüvvələri layiqli cavablarını alsalar da, Azərbaycan əsgərinin qəhrəmanlığına, yüksək hazırlıq səviyyəsinə, ordumuzun ən müasir silahlarla təchiz olunduğuna dəfələrlə şahid olsalar da çox təəssüf ki, pozuculuq fəaliyyətlərindən imtina etmək istəmirlər. Dünya birliyini, nüfuzlu beynəlxalq təşkilatları regionda sülhün təmin olunmasına qarşı yönələn bu cür pozuculuq fəaliyyətini görməzdən gəlməməyə, sülhə, dinc yanaşı yaşamağa mane olan təxribatların qarşısını almaq məqsədilə real fəaliyyət göstərməyə bir daha dəvət edirik. Son erməni təxribatı zamanı şəhid olmuş qəhrəman əsgərlərimizə Allahdan rəhmət, onların doğmalarına və bütövlükdə xalqımıza səbr arzulayırıq. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin".
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun sözlərinə görə, baş verənlər bir daha Ermənistanın qeyri-ciddi və sabit olmayan şəxslər tərəfindən yönəldiyini nümayiş etdirdi: "Proseslərin təhlili deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmir, xarici havadarlarından aldıqları tapşırıqların əsirinə çevrilib. Paşinyan öz beynəlxalq himayədarlarından aldığı tapşırıqla hərəkət edir və qeyri-sabit siyasət yürüdür.
Görünən budur ki, Ermənistan təsirlər fonunda açıqlamalar, bəyanatlar verir, başı dəmir yumruq gördükdə isə səsləndirdiyi bəyanatlardan imtina edərək əksini bəyan edir. Düşünürəm ki, Azərbaycana qarşı Ermənistanın sərhəddə başlatdığı təxribat və pozuculuq fəaliyyəti əks effekt verib, düşmənin hərbi qüvvəsi cəsur ordumuz tərəfindən darmadağın edilib. Nəticədə Paşinyan höküməti çətin duruma düşüb. Heç şübhəsiz ki, çıxış yolu sadədir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri zaman itirmədən icra etməli, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməli və eyni zamanda Zəngəzur dəhlizi mövzusunda üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Əks halda bu gedişlə 100 gün keçməz nə Paşinyan höküməti qalar, nə də Ermənistan deyilən bir dövlət. Düşünürəm ki, nə qədər gec deyil, səhvlərini etiraf edib, aradan qaldırıb Azərbaycan xalqından üzr istəmələri daha faydalı olar".
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimlinin fikirlərinə görə, indiki Laçın və Kəlbəcər hadisələri 2020-ci ilin Tovuz hadisələrini xatırladır: "Tovuz hadisələrindən sonra Qarabağın azadlığı uğrunda mübarizəyə qalxaraq torpaqlarımızı işğaldan azad etdik. Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi münaqişə bitib. Artıq "Dağlıq Qarabağ" adlı məsələ yoxdur. Sadəcə bundan qıcıqlanan bəzi dairələr yeni reallıqları həzm edə bilmirlər. Ermənistan tərəfi bu təxribatları törətməklə münaqişənin hələ bitməməsini göstərmək istəyir. Hesab edirəm ki, Azərbaycan Ermənistanın nazıyla oynamamalıdır. Sülh prosesini ləngitməməliyik. Azərbaycan öz suverenliyini qorumalıdır. Hər birimiz bu məsələdə dövlətimizin yanındayıq. Düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında bufer zona yaradılmalıdır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB