Müxalifət partiyaları dağılmağa məhkumdur AÇIQLAMA

Müxalifət partiyaları dağılmağa məhkumdur AÇIQLAMA

“Radikal müxalifət partiyaları 1990-cı illərdən necə yaranıbsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır. Adı qeyd olunan partiyalar sədrlərindən və ətrafında 5-6 nəfərdən ibarət olaraq qalıbdır”. Bunu Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bütün bunlar da onların zəif şəkildə inkişaf etməsindən xəbər verir: “Müxalifət partiyalarının zəif olmasının əsas səbəbi partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Partiya sədrləri öz səhvlərini, öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar. Artıq bu, bir faktdır ki, son illər ərzində müxalifət milli siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub. Məhz adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olunublar. Xarici məkrli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digər qaragüruhçular hər dəfə ayrı-ayrı dövlətlərdə xoşagəlməz hadisələr baş verəndə özlərinin varlığını sübut etməkdə fəallaşır, diqqət mərkəzinə çevrilməyə çalışırlar. Müxalifət partiyalarının inkişafdan qalması, cəmiyyətdəki ictimai-siyasi proseslərə təsir edə bilməməsinin səbəblərini, məhz həmin liderlərin yarıtmaz siyasət aparmaları ilə əlaqələndirmək lazımdır. Düşünürəm ki, bu partiyalar da həmin liderlərin şəxsi maraqları üzərində qurulub. Demək olar ki, qeyd olunan partiyalar ancaq bir şəxsin iradəsindən asılıdır. Ona görə də, bu kimi partiyalar normal bir partiyaya çevrilərək fəaliyyət göstərə bilmirlər. Belə partiyalar dağılmağa məhkumdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə