Azərbaycanın Avropada və dünyada Liderlik mövqeyi danılmazdır! ANALİTİK+AKTUAL

Azərbaycanın Avropada və dünyada Liderlik mövqeyi danılmazdır! ANALİTİK+AKTUAL

Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda keçirilən Forumdakı çıxışı özündə bir sıra mühüm məqamları ehtiva etməkdədir

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri bir sıra önəmli hadisələrlə yadda qalması ilə yanaşı, dövlət başçımızın Avropa məkanı üçün əhəmiyyət kəsb edən mühüm bəyanatları və çıxışları beynəlxalq aləmin də diqqətini cəlb etdi.

Əbəs deyil ki, ölkə rəhbərimiz İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bir sıra sahələri əks etdirən mühüm kontekstlərə toxunmaqla ölkəmizin Avropadakı və dünyadakı rolunun nə qədər mühümlük təşkil etdiyini forum iştirakçılarına çatdırdı.

Lakin forumun keçirildiyi məkanın dost İtaliya Respublikası olduğunu da nəzərə alsaq bu zaman ölkələrimiz arasındakı bağlılığın nə qədər möhkəm və sarsılmaz dayaqlara söykəndiyini əminliklə qeyd edə bilərik.

Prezident İlham Əliyev: “Biz görüşlərimiz zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr apardıq”

Belə ki, Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dörd il əvvəl etdiyi rəsmi səfəri xatırlatması, eləcə də ölkələrimiz arasında aktiv siyasi dialoqun olduğunu vurğulaması qarşıdakı illərdə daha münbit və daha sıx əməkdaşlıqların reallaşdırılacağı anonsunu vermiş oldu. “Budəfəki görüşlərimiz zamanı biz ikitərəfli gündəliyimizə yeni və çox mühüm məsələlər əlavə etdik. Bunlardan biri də təhsil sahəsidir. Biz görüşlərimiz zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr apardıq”, deyə Prezident İlham Əliyev qeyd etdi və əməkdaşlıq sahələrinin genişləndiyini vurğuladı.

Azərbaycan Prezidenti: “Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik”

Daha bir əhəmiyyətli məqam Azərbaycanın Avropanın enerji təminatçısı və təhlükəsizliyi rolunda yer alması reallığıdır. Bu baxımdan, hələ illər öncə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail oldu. Prezident İlham Əliyev bununla bağlı münasibətində onu da xatırladıb ki, ilk Avropa bazarı da məhz İtaliya olub.

“Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik”, deyə xatırladan dövlətimizin başçısı onu da qeyd edib ki, Azərbaycan artıq uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır.

Ölkə başçımız: “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”

İlham Əliyev əlavə edib ki, həmin vaxtlar açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycanın ixrac kəmərlərinə ehtiyacı var idi: “Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq”.

Artıq Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycanın Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. “Bu il biz qazın həcmini daha da artırmağı və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırırıq”, deyə Azərbaycan Prezidenti qeyd edib.

Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir!

Beləliklə, Azərbaycanın Avropanın aparıcı enerji təminatçısı olması artıq özünü kifayət qədər sübuta yetirib və bu amil həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, məhz Avropa bazarından dünya bazarına çıxmaq imkanlarına malik olan ölkəmiz qarşıdakı illərdə həmin planlarını realizə etmək gücündə və qüdrətindədir. O da əbəs deyil ki, forumdakı çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi oldu və artıq Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir!

Bütün bunlar isə daha bir reallığı əks etdirir ki, Azərbaycan enerjinin təminatında və onun təhlükəsizliyinin qorunub-saxlanılmasında paralel olaraq etibarlılıq prinsipini də nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycanın artıq on ildən çoxdur ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısına çevrildiyini vurğulaması ilə həmin faktoru bir daha isbatlayıb.

Beləliklə, ölkə rəhbərimiz İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusundakı çıxışı Avropa və dünya üçün daha bir yenilik, əməkdaşlıq və tərəfdaşlıq çağırışları kimi tarixə yazıldı. Söz yox ki, bütün bunların təməlində dayanan ən mühüm faktor məhz İlham Əliyev qətiyyəti, praqmatikliyi, mütərəqqiliyi və uzaqgörənliyidir. Məhz bu faktorlar ölkəmizin dünyadakı rolunu sürətlə artırır, lider ölkələr sırasındakı yerini möhkəmləndirir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə