"Azərbaycanın Şuşada varlığı, həmçinin, beynəlxalq hüququn təntənəsidir" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın Şuşada varlığı, həmçinin, beynəlxalq hüququn təntənəsidir" - DEPUTAT ŞƏRH ETDİ

"Şuşa Azərbaycan üçün yalnız inzibati vahid deyil, Şuşa bizim üçün milli- mənəvi məsələdir. Həmçinin beynəlxalq rakursdan yanaşsaq, Azərbaycan bayrağının Şuşada dalğalanması bölgə üçün, region dövlətləri üçün yeni bir dönəmin, sülh və əməkdaşlıq periodunun başlanmasının anonsudur". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, işğala və təcavüzə son qoyulması ilə BMT TŞ qətnamələrinin icrası baxımından Azərbaycanın Şuşada varlığı həmçinin beynəlxalq hüququn təntənəsidir: "Bu mənada Azərbaycan hökumətinin dəvətini qəbul edib Şuşaya nümayəndə göndərən dövlət, yaxud ölkəsi adına Şuşaya səfər edən diplomat Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşı, beynəlxalq hüququn prinsiplərinə də ehtiram göstərmiş olur. ABŞ və Fransanın səfirləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun digər nümayəndələri ilə birlikdə Şuşaya getməkdən imtina etməklə 30 illik fəaliyyətsiz həmsədr ampluasında ilişib qaldıqlarını göstərdilər. Bu mənada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çox doğru olaraq Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərinin Şuşa səfərinə qatılmamalarını və Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərmələrini ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qiymətləndirdi.

İndi kimlərsə iddia etməyə başlayıb ki, yox, bu səfirlər Ağdamda, yaxud Zəngilanda olub. Yaxşı, sual qoyuram, bunların Şuşa qorxusunun kökündə nə dayanır? Separatçıların Şuşa arzusu, yaxud iddiası? Bu davranış riyakar siyasət və və separatizmə dolayısı ilə rəvac vermək deyilmi?

Əksini düşünmək, artıq milli maraqları yox, başqasının maraqlarına xidmət etmək deməkdir və elə bu proseslərin sonunda xeyli sayda antimilli ünsür özünü ifşa etdi. Məsələn Cəmil Həsənli. Hikmət Hacıyevin bəyanatından dərhal sonra Cəmil Həsənli BŞ və Fransa səfirlərinin müdafiəsinə qalxıb və deyib ki, səfirlərin belə bir öhdəliyi yoxdur. Həsənli hətta hökuməti günahlandırır ki, guya Azərbaycan hakimiyyəti xarici səfirlərlə avtobus müxalifəti kimi rəftar etmək istəyir. Sual verirəm, sən xarici səfirlərin dərdini niyə çəkirsən Cəmil Həsənli, dəvət edən razı, gedən razı, sənə nə düşüb? Səni səfirlərin yol boyu erməni vəhşiliklərini görməsi səni niyə narahat edir?".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə