"Erməni mediasının yalanlarının ifşa edilməsi üçün gərəkli addımları atırıq" - SİYASİ EKSPERT AÇIQLADI

"Azərbaycan barədə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq Ermənistan mediasının və dövlətinin Azərbaycana münasibətdə dəyişməz fəaliyyət üslubudur. Bunun nə zamansa dəyişəcəyinə heç vaxt ümid etməmişik". Bu sözləri SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistan taktikasını dəyişmək fikrində deyil: "Ermənistan Azərbaycana qarşı yalan və dezinformasiya siyasəti ən müxtəlif dövrlərdə müxtəlif hədəflərə yönəlib. 1988-ci ildən başlayaraq 2020-ci ilə qədər Ermənistan dövlətinin və mediasının yalan və dezinformasiya siyasətinin hədəfi dünya ictimaiyyətini Dağlıq Qarabağın tarixən Ermənistana mənsub olduğuna, tarixən ermənilərin həmişə türklər tərəfindən təqib olunduğuna inandırmaq idi. 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsindən sonra Ermənistan yalan və yanlış təbliğatının niyyəti, məzmunu və hədəfləri dəyişdi. Hazırda həm Ermənistan dövləti, həm də mediası hədəfi dəyişərək Azərbaycanın Vətən müharibəsində Ermənistana və Dağlıq Qarabağa təcavüz etdiyini, Dağlıq Qarabağın müstəqil bir dövlət olduğunu, Dağlıq Qarabağ ermənilərinin insan hüquqları və təhlükəsizlik mənafeləri Azərbaycan tərəfindən pozulduğunu iddia edir. Göründüyü kimi, Ermənistan mediasının dezinformasiya və yalan siyasətində çox böyük hədəflər var. Bu hədəflər, əsasən, Azərbaycanın bu gün apardığı inamlı siyasətin nəticələrinə kölgə salır. Əlbəttə ki, biz Ermənistan və onun mediasının yalanlarının ifşa edilməsi üçün gərəkli addımları atırıq".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə