Ölkə Prezidentinin qətiyyəti bölgədə sülhün və iqtisadi inkişafın təminatıdır ŞƏRH

Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə sona çatdırdı. Beynəlxalq hüququn prinsipləri, tarixi ədalət öz yerini tapdı. BMT-nin qəbul etdiyi qətnamələr icra olunmuş oldu. Müharibənin başa çatması Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması baxımından yeni imkanlar yaratmış oldu.

10 noyabr 2020-ci il Bəyannaməsinə əsasən tərəflər öz üzərlərinə öhdəliklər götürdülər. Öhdəliklərin yerinə yetirilməsi gələcəkdə Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə xidmət etməli idi. Sözsüz ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirərək onları yerinə yetirdi. Ermənistan isə öz xislətinə sadiq qalaraq yenə də təxribatçı və destruktiv mövqe tutdu. Ən əsası isə onlar 10 noyabr razılaşmasına uyğun olaraq öz silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadılar. Azərbaycan ərazisində qalmış erməni silahlı birləşmələrinin törədikləri təxribat nəticəsində əsgərimiz şəhid oldu. Lakin bu dəfə də erməni təxribatı cavabsız qalmadı. Qısa müddət ərzində həyata keçirilən “Qisas” əməliyyatı nəticəsində şanlı ordumuz tərəfindən mühüm strateji yüksəkliklər nəzarətə götürüldü. Yalnız görülən bu qəti tədbirlərdən sonra erməni tərəfi anladı ki, artıq yeni reallıqlarla barışmağın vaxtı çatıb. Son günlər ərzində artıq yüzlərlə erməni yaraqlısı Azərbaycan ərazilərini tərk etməyə başlamışdır. Düşmən tərəfi artıq yaxşı başa düşür ki, Azərbaycanla güc dili ilə danışmaq cəhdi onlara çox baha başa gələr. Eyni zamanda Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistan arasında dəhliz rolunu oynayacaq yeni yolun bizim ərazimizə düşən hissəsi çəkilib tamamlanmışdır. Artıq bu ayın sonuna qədər Laçın şəhərinin və ona yaxın Zabux və Sus kəndlərinin Azərbaycan tərəfə təhvil verilməsi gerçəkləşdiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev burada da yüksək humanizm nümayiş etdirərək erməni tərəfinə verilən vaxtın 5 Avqustdan 25 Avqustadək uzadılması xahişini müsbət cavablandırdı. Bir şərtlə ki, erməni tərəfi də öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirsin.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə artıq Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti quruculuq işləri reallaşdırılır. Bir müddət öncə Zəngilanın Ağalı kəndinə ilk qayıdış reallaşdı. Ağalıda vətəndaşların oraya qayıdışı üçün bütün lazımi infrasturuktur qurulmuşdu. Azad edilmiş ərazilərimizin bərpası üçün ölkə prezidentinin göstərişi əsasında büdcədən lazımi vəsaitlər ayrılır. Azərbaycan bütün bu bərpa quruculuq işlərini yalnız və yalnız öz daxili imkanları hesabına gerçəkləşdirir. Qarabağ və Şərqi Zəngəzur bölgələri ilk növbədə turizm baxımından böyük potensiala malikdır. Əgər bu bölgələrin turizm imkanlarından lazimi qaydada istifadə olunarsa, həm xeyli sayda insan əlavə iş yerləri ilə təmin edilər, həm də dövlət büdcəsi əhəmiyyətli gəlirlər əldə etmiş olar. Bundan başqa Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından əlverişli bölgələrdir ki, bu da ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətli məsələdir. Biz tam əminik ki, ölkə prezidentinin qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzur gələçəkdə ölkəmizin ən çiçəklənən bölgələrindən birinə çevriləcək. Son ayların xronologiyasına diqqətlə nəzər yetirsək görərik ki, Azərbaycan öz öhdəliklərini məsuliyyətlə və vaxtlı-vaxtında yerinə yetirir. Ermənilərdən də öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməklərini tələb etməyə tam haqqımız var. Yalnız bundan sonra Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli zəmin yaranmış olar. Erməni silahlı birləşmələri ölkəmizin ərazilərini tam və qeyri-şərtsiz tərk etdikdən sonra erməni vətəndaşlar da Azərbaycan dövlətində yaşamağın daha perspektivli olmasına bir daha əmin olacaq. Azərbaycan vətəndaşlığını qəbul edən, qanunlarımıza hörmət edən ermənilər Xankəndində və digər bölgələrimizdə qalıb yaşaya biləcəklər. Ölkə prezidentinin də qeyd etdiyi kimi: heç bir muxtariyyət, heç bir status, heç bir xüsusi imtiyaz olmadan, bütün Azərbaycan vətəndaşları necə, onlarda elə.

Cavid Məmiyev

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə