“Azərbaycan dövləti yeni hədəflərə doğru böyük inamla irəliləyir” ŞƏRH

Bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Ölkəmiz aparılan inkişaf strategiyası nəticəsində dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Azərbaycan beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Vətən müharibəsində qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. 44 günlük müharibənin başa çatmasından iki il ötməsinə baxmayaraq, bu müddətdə Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanatın ona aid müddəalarının yerinə yetirilməsi istiqamətində əməli fəaliyyət keçirmişdir. Respublikamız o mövqedən çıxış edir ki, müharibə səhifəsi birdəfəlik bağlanmalı, regionda davamlı sülh və təhlükəsizlik təmin edilməlidir. Azərbaycan daim regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasında maraqlı olduğunu bəyan edib və bunu atdığı addımlarında təsdiqləyir. Lakin Ermənistan Azərbaycana qarşı terror siyasətini bu gün də davam etdirir. Hələ də Azərbaycan ərazisində qalan erməni silahlıları vaxtaşırı təxribatlar törədir, silahlı insidentlərlə sabitliyi pozur, regional təhlükəsizliyə təhdid yaradır. Bir müddət öncə Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi “Qisas əməliyyatı” isə Azərbaycanın bu təxribatlara layiqli cavabı oldu. Prezident İlham Əliyevin avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu məsələyə toxunaraq bu kimi təxribatların cavabının "Qisas" kimi əməliyyatlar olacağını söyləməsi Ermənistana mühüm bir mesajdır. Ermənistan artıq regionda sülhün, sabitliyin bərqərar olması üçün Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Ölkəmiz bu gün Ermənistana sərhədlərin delimitasiya və demarkasiya edilməsini və iki ölkənin ərazi bütövlüyünün tanınmasını təklif edir. Ermənistan hakimiyyəti bu realllıqları qəbul etməlidir. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Ölkəmiz beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. 44 günlük müharibə nəticəsində işğaldan azad olunan torpaqlarımız ümumilikdə ölkə iqtisadiyyatı üçün yeni bir mənzərə, yeni bir baxış bucağı müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır. Bu istiqamətdə çox böyük əhəmiyyətli işlər görülür və işğaldan azad olunan ərazilərimiz yenidən dirçəlir. Biz artıq ərazi bütövlüyümüzün bərpa olunması ilə böyük quruculuq mərhələsinə qədəm qoymuşuq. Qarabağın bərpası, dirçəldilməsi istiqamətində Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə bərpa-quruculuq işləri aparılmaqdadır. Dövlətimiz tərəfindən məcburi köçkünlər­in doğma yurd-yuvala­rına ən qısa zamanda geri qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazil­ərdə yeni yaşayış mə­ntəqələrinin salınma­sı, infrastrukturun bərpası, yolların çə­kilişi, məktəb, xəst­əxana tikintisi sürə­tlə davam edir. Sürətli quruculuq işləri deməyə əsas verir ki, bütün Qarabağ qısa müddət ərzində dünyanın, təbii gözəlliyi ilə yanaşı, böyük turizm potensialına malik regionuna çevriləcək. Qarabağda aparılan yenidənqurma, bərpa-quruculuq işləri beynəlxalq aləmin də diqqət mərkəzindədir. Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi də qarşısına məqsəd qoyub və bu məqsəd istiqamətində inamla irəliləyir. Prezident İlham Əliyevin, mütəmadi olaraq, işğaldan azad olunan ərazilərə səfər etməsi və səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Aparılan geniş quruculuq və abadlıq işləri ölkəmizin hərtərəfli tərəqqisinə, dünyada lider səviyyəyə yüksəlməsinə səbəb olub. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prioritet olmaqla yanaşı, ölkəmizdə bütün sahələrin inkişaf etdirilməsi dövlətimizin diqqəti mərkəzindədir. Qarşıda duran istər iqtisadi-sosial sahədə, istərsə də digər istiqamətlərdə bütün vəzifələr öz həllini tapır. Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdür və eləcə də iqtisadi inkişaf sürətinə görə dünyada lider ölkədir. Azərbaycan həyata keçirdiyi sosial-iqtisadi siyasətlə öz vətəndaşlarının rifah halını yüksəltməklə yanaşı, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Prezident İlham Əliyevin çevik, eyni zamanda, yaxın və uzaq gələcəyə hədəflənmiş iqtisadi strategiyası sayəsində ölkəmiz yeni uğurlara imza atmaqdadır.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...