Taxıl böhranı və BÖHRANIN AZƏRBAYCANA TƏSİRİ – TƏHLİL

Bütün dünya artıq taxıl böhranı ilə üz-üzə olduğunun fərqindədir. Hətta qlobal səviyyəyə çatan bu böhranın, taxıl böhranının qaçılmaz olduğu ilə razılaşanlar da az deyil, çünki böhranın qaynaqlandığı səbəblər də heç kim üçün sirr deyil. Dünyamızda baş verən proseslərin, qlobal müstəvidə muşahidə edilənlərin fonunda taxılın əkilib-becərilməsi, tədarükü məsələlərində problemlərin yaranması anlaşılandır, amma bundan sonra necə olacağı hər kəsi düşündürür.

Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, yəni FAO hələ 2022-ci ilin fevral ayına olan məlumatlara əsasən bildirirdi ki, ərzaq məhsullarına olan tələbat 20 faiz artıb. Bir sözlə, tədarükün, yəni təklifin azalması fonunda tələbat da üstəlik artıb və bu hal heç də arzuolunan deyil. Üstəlik taxıl məhsulları ilə bağlı arzuolunmaz vəziyyət həyacan təbili çalınmasını labüd edir, çünki nəzərə almaq lazımdır ki, taxıl məhsullarına hər zaman ehtiyac duyulur, tələbatın hansısa formada aşağı düşəcəyinə ümid etməyə də dəyməz və hətta taxıl məhsullarına olan tələbat digər ərzaq məhsullarına olan tələbatdan da böyük sürətlə artmaqdadır.

Təbii ki, taxıl böhranının yaranması səbəbsiz deyil və bunun müxtəlif səbəbləri var. Son illər baş verənlər, qlobal müstəvidə yaşanan problemlər bütün dünya ictimaiyyətinin diqqətindən kənarda qala bilməzdi və bunların təsirsiz ötüşməyəyi hələ əvvəldən bəlli idi. Məsələn, insanlar öncədən də bilirdilər, qəbul edirdilər ki, COVİD-19 pandemiyası, xüsusən də qapanmalar qlobal loqistikaya təsir etməyə bilməz, çünki bu pandemiya bütün dünyanı öz cənginə alımışdı və haqlı olduqları da artıq öz təsdiqini tapdı. Bununla yanaşı, bütün dünyada müşahidə edilən iqlim dəyişikliyi, qeydə alınan qlobal istiləşmə, quraqlıq da öz mənfi təsirlərini necə göstərməyə bilər? Yaxud, Rusiya-Ukrayna müharibəsi taxıl tədarükü üçün ən böyük əngəldirsə, həmçinin dünyada taxıl ixracında məhz bu iki ölkə xüsusi çəkiyə, paya malikdirlərsə, taxıl tədarükünün azalacağı əvvəlcədən bilinirdi. Üstəlik, proseslərin fonunda ixracatçı ölkələr satışa limit qoyursa, taxıl böhranının daha da dərinləşməyəcəyi barədə kimsə əminliklə söyləyə bilməz.

Bütün dünyada təzahür edənlərin, xüsusən taxıl böhranı fonunda ölkələrin müvafiq tədbirlərə əl atması da təəcüblü deyil. Məsələn, pandemiyanın, qapanmaların istehsalatda, daşımalarda ciddi problemlər yaratması, eləcə də beynəlxalq ticarət sistemini zədələməsi göz önündə baş verirsə, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq varsa, hətta taxıl istehsalçısı olan ölkələrin belə müvafiq tədbirlər görməsində, bir növ “özünümüdafiə” tədbirlərinə əl atmasında qeyri-adi heç nə yoxdur, əksinə, bu, gözləniləndir. Nümunə üçün qeyd edək ki, ötən il buğda ixracına vergi tətbiq etmək qərarına gələn Rusiya ixraca kvota gətirib, Çin isə əsas idxalçı ölkə olaraq, idxalı 51 faizə qədər artırıb və bütün bunlar deyilənləri təsdiq edir.

İstər iqlim dəyişikliyi olsun, istər Ukrayna-Rusiya müharibəsi olsun, hər hansı səbəbdən taxıl istehsalının azalması isə böhranın yaranmasında başlıca amillərdən hesab olunur. Statistik göstəricilər bu azalmanı açıq şəkildə ortaya qoyur. Beləki, məsələn, ABŞ-da ötən il yazlıq buğdanın 40 faiz, ümumi buğda yığımının isə 10 faiz azaldığı qeydə alınıb. Dünyanın ərzaq, xüsusən də taxıl təminatında mühüm rola malik olan iki ölkəsi, daha dəqiq desək, buğda istehsalına görə birinci olan Rusiya və beşinci olan Ukrayna arasında başlayan müharibə ilk növbədə taxıl istehsalına zərbə vurdu. Ukraynanın dünya bazarına çıxardığı 45 milyon ton taxılın ixracı dayandı, Rusiya da müharibədən sonra ixraca olan qadağaları daha da sərtləşdirdi və hətta bu ölkəyə qarşı olan sanksiyaların fonunda gübrə problemi yarandı ki, nəticədə məhsuldarlığa, taxıl istehsalına mənfi təsir etdi, istehsalı kəskin şəkildə azaltdı. İstehsalın azalması müşahidə edildiyi zaman isə Qazaxıstan və Hindistan kimi istehsalçı ölkələr belə taxılın ixracını məhdudlaşdırdı.

Taxıl böhranının Azərbaycana necə təsir edəcəyi indi bizim üçün ən maraqlı məsələlərdəndir. Hətta aktualdır desək, yanılmarıq. Həqiqətən də maraqlıdır, dünya bazarındakı vəziyyət Azərbaycana necə təsir edə bilər? İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan taxılı əsasən, Rusiya, Ukrayna və Qazaxıstan olmaqla üç ölkədən alır. Mövcud vəziyyət, daha dəqiq desək, Ukraynada müharibə həmin ölkənin taxıl istehsalını da, tədarükünü də faktiki olaraq müşkülə çevirib, müharibə elan edən Rusiya da taxıl ixracını demək olar ki, məhdudlaşdırıb və bu müharibə başladıqdan sonra Qazaxıstnın da ixrac qadağasını sərtləşdirilməsi artıq hər üç ölkədən taxıl idxalını çətinləşdirib.

Təkcə Rusiya, Ukrayna və Qazaxıstandan deyil, coğrafi baxımdan daha uzaq olan başqa ölkələrdən də taxıl idxal etmək mümkün ola bilər. Məsələ burasındadır ki, məhz Rusiya-Ukrayna müharibəsi, qeyd etdiyimiz kimi, beynəlxalq daşımaları, loqistikanı sıradan çıxarıb. Belə olan halda, başqa ölkələrdən də taxıl idxal etmək məsələsi çətinləşir. Deməli, müharibə uzandıqca, beynəlxalq daşımalar, loqistika məsələsində çətinliklər olduqca, digər ölkələrdən taxıl ixracı məsələsi də asan ola bilməz. Bir sözlə, taxıl idxalı ilə bağlı məsələ hələ də gündəmdədir.

Dünya bazarındakı vəziyyət sözsüz ki, Azərbaycanda da digər ölkələr kimi unun qiymətinin bahalaşması ilə nəticələnə bilər. Mövcud durumda unun qiymətinin artmasının qarşısını almaq heç də asan deyil. Doğrudur, bu zamana qədər Azərbaycanda qiymət artımının qarşısı subsidiya hesabına alınırdı və atılan addımların effekti də göz önündədir. Bir sözlə, unun qiymətlərinin artmaması üçün dövlətimiz müvafiq işlər görüb, müsbət nəticələrə də nail olunub. Məsələ burasındadır ki, taxıl idxalının mürəkkəb, çətin vəziyyətdə olduğu bir məqamda bundan sonra necə olacağı həqiqətən də hələ bəlli deyil və hadisələrin gedişindən çox asılıdır. Yəni, istehsalçı ölkələrdən taxıl idxal etməyin mümkünlüyü, eləcə də qiymətlə bağlı məsələlər bilavasitə qiymətə təsir edə biləcək məqamlardır. Ən başlıca məqam isə odur ki, qiyməti artıq birbaşa dünya bazarının özü diktə edir və bunun təsiri də qaçılmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə