"Artıq erməni təbliğat maşını heç bir işə yaramır" - DEPUTAT AÇIQLADI

"Ermənistan mətbuatında Azərbaycan ilə bağlı dezinformasiyaların yayılması yeni bir hal deyil və bu, bizi təəccübləndirməməlidir. Çünki bu dövlət təxribatçı və işğalçı dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, təbii ki, qonşu dövlətlərin ərazilərinə göz dikən, əsassız iddialarla çıxış edən, sanki əsas məqsədinin regionda gərginlik, münaqişə yaratmaqdan ibarət olan Ermənistandan hər şey gözləmək olar: "Hesab edirəm ki, zaman köklü şəkildə dəyişib. Artıq yeni reallıqlar yaranıb. Birincisi, Azərbaycan qlobal informasiya müstəvisində öz mövqelərini inamla qorumağı bacarır. Keçmiş münaqişə vəziyyəti ilə bağlı həqiqətləri Azərbaycan dünya ictimaiyyətinin diqqətinə sistemlıi şıkildə çatdırmağı bacardı. Bu, çox önəmli məsələ idi. Ona görə də bundan sonrakı mərhələdə Ermənistanın dünyada yanlış təsəvvür formalaşdırmaq məqsədilə dezinformasiyaların yayması, sadəcə olaraq onların vaxt itkisidir. Bu gün mövcud reallıqlara istinadən Ermənistan bu cür dezinformasiyaları yayaraq yenə də müəyyən güzəştlər və ianələr əldə etməyə çalışır. Təbii ki, bütün bunlar “bumeranq” effekti verməkdir. Yəni bu cəhdlər sadəcə Ermənistanın özünə ziyandır".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, artıq saxta erməni təbliğat maşını heç bir işə yaramır: "Azərbycanın həm siyasi mövqeləri, həm informasiya müstəvisindəki mövqeləri kifayət qədər dayanıqlı və möhkəmdir. Ona görə də, biz bütün sahələrdə uğur əldə etdiyimiz kimi qlobal informasiya müstəvisində də Ermənistanı əhəmiyyətli dərəcədə üstələmişik. Torpaqlarımızı işğaldan azad etdikdən sonra dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərinin, diplomatik korpusların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili bütövlükdə keçmiş münaqişə vəziyyətində Azərbaycanın ədalətli mövqeyi haqqında həm təsəvvürləri genişləndirdi, həm də əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Bu baxımdan düşünürəm ki, dezinformasiyaların yayaılması fiaskoya düçar cəhdlərdir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə