"Kiçik qardaş" yoxsa düşmən? - EKSPERTLƏR ŞƏRH ETDİ

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın ictimai-siyasi həyatı daha da mürəkkəbləşib. Ötən günlərdə İrəvanda, “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış Ermənistan KİV-də sensasiyaya səbəb oldu. Yerli mətbuat yanğına səbəb kimi Rusiyanı hədəf seçdi. Bununla da Rusiya ilə Ermənistan arasında olan ziddiyyətlərin bir az da dərinləşdi. Bəs erməni cəmiyyəti Rusiyanı niyə günahlandırır? Mövzu ilə əlaqədar SİA siyasi ekspertlərin fikrini öyrənib.

Politoloq Zaur Məmmədovun sözlərinə görə, tarix də göstərir ki, Ermənistan hər zaman öz ağalarına və onlara kömək olan qüvvələr zəiflədiyi zaman onlara qarşı çıxış etməyə başlayırlar: "Tarixdən də bəllidir ki, bir zamanlar Osmanlı imperiyasına, sonra SSRİ-yə qarşı çıxdılar. İndi də Rusiya Federasiyasına qarşı Ermənistanda və erməni cəmiyyətində ciddi şəkildə qıcıq yaranıb. Onlar bütün fəlakətlərinin müəllifi kimi Rusiyanı hədəf seçir və Moskvanın adına yazmağa çalışırlar. Hərçənd ki, yerli siyasətçilərin apardıları siyasət nəticəsində Ermənistan bu gün yerlə yeksan olmuş vəziyyətdədir. Ermənistanda baş vermiş partlayışda da Rusiyanın günahlandırılması artıq qırmızı çizgini keçdiklərini göstərir. Çünki hadisənin nədən baş verməsi ilə bağlı heç bir sübut və fakt yoxdur. Ermənistanın baş prokrorluğundan verilən məlumatda baş verən yanğında heç bir terror aktının olmaması bildirilir, lakin mediada anti-Rusiya çıxışlarının olması onu göstərir ki, Paşinyan hakimiyyəti dolayısı yolla KİV-ə, ictimai fəallara göstəriş verib ki, cəmiyyəti bir qədər də Rusiyaya qarşı doldursunlar. Təsadüfi deyil ki, bu gün Rusiyanın Ermənistadakı səfirliyi Ermənistanın xarici işlər nazirliyinə nota verib. Bu ermənilərin xislətidir. Rusiyada görsün ki, kiçik qardaş və müttəfiq adlandırdıqları dövlət nəyə qadirdir".

Politoloq İlyas Hüseynov da mövzu ilə əlaqədar öz fikirlərini bildirib: "İrəvanda “Sürməli” ticarət mərkəzində baş vermiş partlayışla bağlı müzakirələr Ermənistanda hələ də davam edir. Ermənistanda aparılan istintaqla yanaşı həm də müxtəlif iddialar irəli sürülür. Terror hadisəsinin baş verməsi ən çox müzakirə olunan mövzulardandır. Eyni zamanda Paşinyanın təmsil olunduğu partiyanın nümayəndələri partlayışa səbəb kimi Rusiyanı günahlandırırlar. Xüsusi olaraq vurğulayım ki, 20 il ərzində Ermənistanda hakimiyyətdə olmuş Robert Koçaryan, Serj Sarkisyan cütlüyünün bu işdə əlinin olması ilə bağlı da müxtəlif versiyalar mövcuddur. Qarabağ klanı kriminal xunta rejimi olduğu üçün terror, şantaj, hədə-qorxu yaymaqla məşğul olub. Ona görə də bu iddianın irəli sürülməsi təsdüfi deyil. Qeyd edim ki, baş verən hadisələr Ermənistan-Rusiya münasibətinə olduqca pis, mənfi təsir edib. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyana qarşı Kremldə mövqe birmənalı deyil. Müxtəlif görüşlər keçirilsə də, Rusiya-Ukrayna müharibəsindən öncə Ermənistan və Rusiya arasında bir çox sahələri əhatə edən hüquqi sənədlər imzalansa da görünür münasibətdə soyuqlaşma meylləri artır. Bunun əsasında isə Paşinyanın daha çox Qərbə etimad etməsi və Qərbdən dəstək almaq iddialarıdır. Eyni zamanda hər hansı bir hadisədə Rusiyanın iştirakının olmaması xüsusi bir cizgi ilə bildirilirdi. Bu proseslər onu deməyə əsas verir ki, Paşinyanın komandasına daxil olan şəxslər partiya nümayəndələri və Paşinyana yaxın KİV-də qeyd olunanlar Rusiya tərəfindən öz təsdiqini tapmadı".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə