Böyük Qayıdış üçün 5 il ərzində nələr ediləcək? – STRATEJİ PLANLAR

Əvvəlki yazılarımızda Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan məsələlərlə bağlı prioritet sahələrin hansılar olduğu və yeni inkişaf modelinin necə həyata keçiriləcəyindən danışmışıq. Bu yazımızda işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan işlər və Böyük Qayıdış prosesinin necə həyata keçiriləcəyindən danışacağıq.

Strategiyaya görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.

Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək.

Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq.

Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq.

İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.

İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaq.

Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. Bu Prioritet “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində icra ediləcək.

Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivəyə əsasən təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcək.

Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcək. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12%-dən 12,3%-ə çatdırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-ədək azalacaq.

Əhalinin içməli su ilə təminatı 70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20% (regionlarda 10%) təşkil edəcək. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5% olacaq. Meşə fondunun 65%-i inventarlaşdırılacaq. Torpaqların 30%-də aqrokimyəvi analizlərin aparılması təmin olunacaqdır.

Energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaq. Bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcək. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaq. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 2026-cı ilədək 24%-ə çatdırılacaq (2030-cu ilədək 30% hədəfinə uyğun olaraq).

Beləliklə, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında ən vacib işlərdən biri haqda sizlərə məlumat verdik. Göründüyü kimi, qısa müddətdə bu istiqamətdə çox böyük və effektiv işlərin görülməsi planlaşdırılır. Artıq bu ildən bu işlərə başlanıb. Tezliklə, ölkəmizin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin abad, sağlam və inkişaf etmiş zonaya çevriləcəyinə şübhə yoxdur. Bunun üçün siyasi iradə də var, lazımi resurslar da var, müvafiq maliyyə vəsaiti də.

İşğaldan azad edilmiş bölgələrin ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatına qoşulması üçün cəmi bir neçə il vaxt tələb olunur. Nəticədə, bu işlər ölkədə tarazlı və davamlı iqtisadi inkişafa, sosial rifaha böyük bir töhfə verilmiş olacaq.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə