"Ərazilər Azərbaycan ordusunun birbaşa nəzarəti altındadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Son günlər Laçını və ətraf yaşayış məntəqələrini tərk edən ermənilər bu ərazilərdə böyük vandalizm aktları həyata keçirirlər. Biz bunun əvvəllər də şahidi olmuşuq". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, ermənilər əvvəllər Kəlbəcəri və digər yaşayış məntəqələrini tərk edərkən də bu cür vəhşiliklər törətmişlər: "Buna heç bir ad vermək mümkün deyil. Bu sadəcə həmin insanların xəstə təfəkküründən irəli gələn bir məsələdir. Onlar bu cür hərəkətləri ilə özlərini dünyada rüsvay edirlər. Buna ancaq vandalizm, vəhşilik adını vermək olar. Digər tərəfdən isə onların bu cür əməlləri bir daha sübut edir ki, bu ərazilər heç vaxt ermənilərə məxsus olmayıb. Çünki mənəvi baxımdan insan öz evini, yurdunu tərk etsə belə onu yandırmaz. Bu evlər, yaşayış məntəqələri Azərbaycan xalqına məxsusdur. Təxminən 30 il bundan əvvəl Azərbaycan vətəndaşları öz yurdlarını məcburi şəkildə tərk ediblər. Xalqımıza divan tutulub, amma heç bir vətəndaşımız o zaman evini tərk edərkən belə öz evinə ziyan vurmayıb. Nə vaxtsa qayıtmaq ümidi ilə evinin qapısını kilidləyib və oradan getməyə məcbur qalıb. Amma bu gün ermənilər ərazilərimizdən çıxarkən vəhşiliklər törətməyə davam edirlər.

Digər tərəfdən ərazilərin minalanması təhlükəsi də var. Bu ermənilərin xəstə təfəkkürünün, vəhşiliyinin nəəticəsidir. Azərbaycan dövləti həm evlərin dağıdılıb, yandırılması, eyni zamanda ərazilərin minalanması ilə bağlı öz mövqeyini bildirib və lazımi xəbərdarlığı edib. Biliriniz ki, həmin ərazilər Azərbaycan ordusunun birbaşa nəzarəti altındadır. Yəni onların atdığı hər bir addımı Azərbaycan ordusu müasir texnikalar vasitəsilə izləyir, nəzarət edir. Əgər belə hadisələr baş verərsə onların anında məhv edilməsi məsələsi də istisna deyil. Yəni bu birbaşa olaraq ermənilərin vəhşiliyindən irəli gəlir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...