V İslam Həmrəyliyi Oyunları: ilk qızıl medal TƏHLİL

Dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri İslam Həmrəylik Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançıları iştirak edir. İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və bu gün yarışda İslam Konfransı Təşkilatının 57 üzvü iştirak edir. Vurğulayaq ki, təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir. Yarış dördüncü dəfə 2017-ci ildə Bakıda keçirildi. Bu oyunlar Azərbaycanda təkcə idman yarışması kimi deyil, eyni zamanda, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması kimi də tarixə düşdü. Əsas şüarı "Həmrəylik bizim gücümüzdür" olan oyunlar idman yarışması olsa da, müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında birlik və həmrəyliyin güclənməsində rol oynadı. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi, əlbəttə ki, ölkəmiz üçün böyük nailiyyət idi. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin etdi. Azərbaycan dövlətinin, ölkə başçısı Cənab İlham Əliyev ardıcıl olaraq ölkənin bütün sahələrinin inkişafı üzrə islahatlar həyata keçirməklə yanaşı, idman sahəsini də hər zaman diqqətdə saxlayır. Prezident İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Artıq Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Azərbaycanda hökm sürən sabitlik, iqtisadiyyatın sürətli inkişafı, qayğı beynəlxalq yarışların Azərbaycanda keçirilməsini dəstəkləyən amillərdir. "Bakı - 2015" ilk Avropa Oyunlarında olduğu kimi, sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda "IV İslam Həmrəyliyi Oyunları"ı da idman tarixinə yeni səhifə yazdı. İlk oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət oldu. "Bakı-2015" ilk Avropa Oyunları yüksək səviyyədə təşkil olundu və tarixi qələbə qazanıldı. İdmançılarımızın uğuru əvəzsiz oldu. Azərbaycan müstəqil, islami dəyərlərə böyük hörmətlə yanaşan bir dövlət kimi, bu oyunların da uğurla keçməsini təmin etdi. IV İslam Həmrəyliyi Oyunlarının müstəqil və gənc dövlət olan Azərbaycanda təşkili, bu ölkənin müsəlman dünyasına verdiyi töhfədir. 2015-ci ildə keçirilən ilk Avropa Oyunlarında Azərbaycan Avropa ölkələri ilə müqayisədə Oyunlarda Rusiyadan sonra ikinci yerə sahib oldu.

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq yüksək səviyyədə idi. İslam Həmrəyliyi Oyunlarında 57 ölkə iştirak edirdi ki, bu da rekord göstərici idi. Oyunlarda, ümumilikdə 8 minə qədər könüllü iştirak edirdi. Aprelin 5-də start götürən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvanda, sonra Azərbaycanın digər 14 şəhərində də davam etdirildi.

ATLETLƏRİMİZ 162 MEDALLA "BAKI-2017"-NİN ƏN GÜCLÜLƏRİ OLDULAR

Qeyd edək ki, "Bakı-2015" ilk Avropa Oyunları bu oyunların standartlarını müəyyənləşdirdi və idmançılarımız üçün ən böyük qələbə meydanı oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, yaddaşlardan silinmir. Belə ki, atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) "Bakı-2017"nin ən güclüləri oldular. Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Belə ki, Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdu.
Paytaxtımızda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində Azərbaycan idmançıları növbəti zəfərlərini qazandılar. Dünyanın 7 gün ərizində izlədiyi XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançılarının qələbələri bu sevinci daha da artırdı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında - idman mübarizəsində 23 medal – 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşdı.
Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar. Belə ki, bu yarışda idmançılarımız 16 medal qazanıb ki, onlardan 7-si qızıl medaldır. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir.

AZƏRBAYCAN TƏMSİLÇİLƏRİ 24 İDMAN NÖVÜNDƏN 22-SİNDƏ İŞTİRAK EDİR

Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanın bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir. Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir. Bu gün isə Azərbaycan idmançısı daha bir tarixi qələbəyə imza atıb. Beşinci İslam Həmrəyliyi Oyunlarında tarixi qələbə.Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında artıq Azərbaycan millisinin hesabında 1 qızıl medal var. Atletimiz Anna Skidan çəkicatma yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir. Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar.
Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayırlar. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.Azərbaycan idman ölkəsi statusunu qoruyub saxlayır. Bütün bunlar Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə