Üçüncü dünya müharibəsi baş verə bilər? - POLİTOLOQ ŞƏRH ETDİ

"Üçüncü dünya müharibəsi olmayacaq. Çünki dünya müharibəsini heç kəs istəmir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, aparıcı güc mərkəzləri Çin, Amerika Birləşmiş Ştatları, NATO, Rusiya üçüncü dünya müharibəsini istəmirlər: "Üçüncü dünya müharibəsi baş versə idi, bu, Ukraynadan başlayardı. Nə Qərb, nə də ABŞ Rusiya ilə Ukraynada üz-üzə gəlmək istəmirlər. Birbaşa Ukraynaya müdaxilə etmək istəmirlər. Digər tərəfdən Çin-ABŞ qarşıdurması daha çox virtual sahədə baş tutur. Pelosinin Tayvana səfəri ABŞ-ın hava təyyarəsi ilə müşahidə olunur. Amerikanın hərbi donanması hazır vəziyyətə gətirilib. O cümlədən Çinin hava müdafiə sistemi hazır vəziyyətə gətirilib. Çinin dəniz qüvvələri hərəkətə keçirilib. Amma birbaşa toqquşma olmayıb. Yəni əgər Çin və yaxud da ABŞ bu səfərdən istifadə edərək toqquşma yaratmaq istəsəydilər bunu edərdilər. Bu toqquşma baş verməyibsə, deməli, Çin və ABŞ 3-cü dünya müharibəsinin baş verməsini istəmirlər. Amma bütün güc mərkəzləri güc nümayiş etdirirlər, öz qüdrətini göstərməyə çalışırlar. Rusiya Ukrayna üzərində, Çin Tayvan üzərində ABŞ isə bu məsələlər ərtafında öz gücünü nümayiş etdirməyə çalışır. Öz maraqlarını təmin etmək öçün özlərini güclü göstərirlər. Hər kəs bir-birinin gücünü bilir. Bilirlər ki, toqquşma nələrə səbəb ola bilər. Ona görə də onlar bu toqquşmalardan boyun qaçırırlar”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə