Geosiyasi maraqların kəsişməsi münasibətlərə necə təsir edəcək? - MÜSAHİBƏ

SİA Heydər Əliyev adına Hərbi İnstitutun professoru, politoloq Ramid Hüseynovun müsahibəsini təqdim edir.

- Dünyada gedən prosesləri necə dəyərləndirirsiniz? Sizcə, yeni reallıqlar Azərbaycanın gücünü hansı yöndə artırıb?
- Dünya iqtisadi böhranı, “Covid-19” pandemiyası, Rusiya-Ukrayna müharibəsi yeni dünya düzəninin formalaşmasını, qlobal geosiyasi dinamikanın sürətlə dəyişməsini labüd edir. Artıq geosiyasi maraqların kəsişməsi, münasibətlərin gərginləşməsi, ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsini şərtləndirir və dövlətlərin, əsasən, enerji və ərzaq təhlükəsizliyi məsələsinin həllini gündəmə gətirir. Hazırkı mərhələdə beynəlxalq güclərin artan maraqları dövlətlərarası hərbi qarşıdurmaları dərinləşdirməklə daha qlobal müharibələrin meydana gəlməsini qaçılmaz edir.
Geosiyasi proseslərin gərginliyi fonunda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müəyyən mənada Azərbaycanın alternativ kimi çıxış etməsi onun gücünün artmasına şərait yaratmışdır. Hazırkı fürsətdən istifadə edərək dövlətin süverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinə və iqtisadiyyatın daha dinamik inkişafına nail olmaq tələb olunur.

- Qərb və Rusiya qarşı-qarşıyadır. Rusiya Avropanı qazla təhdid etdiyi üçün Avropa bizimlə enerji əlaqələrini gücləndirir. Eyni zamanda, ABŞ da Azərbaycanla dostluq münasibətlərini saxlamaqda və daha da yaxın olmaqda maraqlıdır. Dünya ölkələrinin strategiyasının dəyişməsində və Azərbaycanla əlaqələrin möhkəmləndirməsində maraq nədir?
- Avropanın Azərbaycanın enerji resurslarına maraqları hər zaman olmuşdur. Son zamanlar Rusiya ilə hərbi gərginliyin artması fonunda enerji təhlükəsizliyinin təmin edilməsində bu resurslardan alternativ olaraq istifadə edilməsi daha çox gündəmə gəlmişdir. Bu baxımdan, Avropanın və ABŞ-ın Azərbaycana olan münasibətlərində bir qədər də yaxınlaşma və istiləşmə hiss olunur. Rusiyanın qərbi qazla təhdid etməsi vəziyyətində çıxış yolu kimi Azərbaycan qazından istifadə ən etibarlı çıxış yolu hesab edilir. Eyni zamanda, Azərbaycan qərbə inteqrasiya siyasətində bu imkanlardan doğru istifadə etməsi hər iki tərəfin maraqlarına xidmət edər. Bu, həm də regionun daha demokratik inkişafına və regional geosiyasi güclərin təsir imkanlarının zəifləməsinə şərait yaradar.

- Rusiya-Ukrayna müharibəsi davam edir və nə zaman bitəcəyini proqnozlaşdırmaq da çətindir? Bu müharibə Avropaya sıçraya bilərmi?
- Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin qısamüddətli olmayacağı əvvəldən də bəlli idi. Halbuki Rusiya tərəfi özünü və dünyanı bunun belə olmayacağına inandırmağa çalışırdı. Çünki verilən proqnozlarda bir daha onu göstədi ki, müharibə təkcə iki dövlət arasında deyil, dolayısı ilə qərblə Rusiya arasında həyata keçiriləcəyindən üzünmüddətli olacaq. Nəticədə, Rusiyanın işğalçılıq siyasəti və ekspansionist maraqları müharibənin qarşısıalınmaz vəziyyət almasına gətirib çıxartdı.
Düzdür, hazırkı vəziyyətdə Rusiyanın hərbi gücünün müəyyən bir hissəsini itirməsinə əmin olmasına rəğmən Qərb müharibənin qlobal miqyas alacağından ehtiyatlanaraq birbaşa olaraq onunla müharibəyə girməkdən yayınır. Daha çox iqtisadi müharibə üsullarından istifadə etməklə və Ukraynaya hərbi dəstək verməklə Rusiyanın məğlubiyyətinə nail olmağa çalışır.
Düşünürəm ki, tərəflərin malik olduqları resurslardan istifadə etməklə bir-birinin gücünü zəiflətmək və mövqelərini möhkəmləndirmək istəkləri proseslərin hələ davam edəcəyi qənaətinə gəlməyə əsas verir. Amma hər bir halda tərəflərin ehtiyatlı davranışları nüvə silahından istifadədən və dünya müharibəsindən çəkindiklərini də açıq-aşkar göstərir. Yəni müharibənin daha geniş əraziyə yayılmasını proqnozlaşdırmaq bir qədər real görünmür.

- Erməni təxribatlarının qarşısı anti-terror əməliyyatları ilə alınır. "Qisas" əməliyyatlarından sonra Ermənistanı və Azərbaycanı nə gözləyir? Bu gedişatı necə şərh edərdiniz?
- İkinci Qarabağ müharibəsinin sona çatmasına baxmayaraq, Ermənistan tərəfinin imzalanmış bəyənatın müddəalarına riayət etməməsi, Azərbaycanın suverenliyini tanımaması, Xankəndidə və ətraf ərazilərdə hələ də erməni separatçılarının qalması dövlətimizin antiterror əməliyyalarını həyata keçirməsini qaçılmaz edir. Azərbaycan öz suveren hüquqlarından istifadə etməklə təhlükəsizliyinə təhdid törədən separatçılara və terrorçulara qarşı istənilən addımı atmaqda sərbəstdir. Baxmayaraq ki, bu addımları daha əvvəl də atmaq olardı. Çünki Ermənistanın separatçı, işğalçı siyasətindən əl çəkəcəyini gözləmək doğru olmazdı. Əsasən də, onu himayə edənlərdə iki dövlət arasında münasibətlərin normal vəziyyətə gəlməsində maraqlı deyillər. Hesab edirəm, Azərbaycan hərbi gücündən düzgün istifadə edərək lazımi addımları atmaqla, suverenliyinin tam bərpasına nail olmaqda haqlıdır. Amma prosesin müharibə həddinə gəlməsinə, regionda yenidən hərbi qarşıdurmaların baş verməsinə imkan vermək olmaz. Əks təqdirdə regionun geosiyasi güclərin hərbi poleqonuna çevrilməsi təhlükəsi yaranmış olar.

- Dünya taxıla görə Türkiyədən, qaza görə Azərbaycandan asılıdır. Azərbaycan və Türkiyə bölgədə və dünyada öz sözlərini rahat şəkildə deyir. Hər iki qardaş ölkə bu dönəmdən sonra dünya ölkələrinə münasibətdə necə davranacaq?
- Hər bir dövlət üçün öncə dövlət və vətəndaş maraqlarının təmini dayanır. Düzdür, biz qlobal dünyanın tərkib hissəsi olduğumuzdan bəşəri maraqları da unutmamalıyıq. Amma dünya düzəninin dəyişən təbiəti, yeni reallıqları dövlətləri fərqli davranmağa, daha çox öz maraqlarına uyğun hərəkət etməyə sövq edir. Nəticədə, nəzəri məsələlər reallıqla ziddiyyət təşkil edir. Heç şübhəsiz ki, dövlətlər daha çox reallıqla razılaşaraq ona uyğun davranmaq məcburiyyətində qalırlar. Bu baxımdan düşünürəm ki, istər Türkiyə, istərsə Azərbaycan malik olduqları resurslardan daha səmərəli və daha düşünülmüş şəkildə istifadə etməklə özlərinin iqtisadi, siyasi, hərbi güclərinin möhkəmləndirmələrinə çalışmalıdırlar. Əks təqdirdə, beynəlxalq münasibətlərin aktoru kimi mövqelərini kiməsə güzəştə getməli olacaqlar.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə