“Ermənistan 1 milyondan çox minanın məsuliyyətindən yaxa qurtara bilməyəcək” - MİLLƏT VƏKİLİ BİLDİRDİ

"İşğaldan azad olunmuş ərazilərdə mina terroru qurbanlarının sayı artır. İki gün əvvəl minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşının Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi, bir nəfərin ayağının amputasiya olunması, bir neçə gün əvvəl Azərbaycan ordusunun hərbi qulluqçusunun minaya düşərək ağır yaralanması insanlıq faciəsidir və bu cinayətlərin məsuliyyəti Ermənistanın üzərinə düşür və terrorçu dövlət bu məsuliyyətdən yaxa qurtara bilməyəcək". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.

Millət vəklinin sözlərinə görə, təsadüfi deyil ki, ötən ay Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenlə telefon danışığında da işğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib: "Həmçinin dövlət başçımız Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışı zamanı işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan artıq mina basdırdığını bəyan edib.

Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Bu konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Ötən il iyunun 4-də Kəlbəcərdə media mənsubları da daxil olmaqla 3 nəfərin şəhid olması, 4 nəfərin yaralanması ilə nəticələnən faciəni unutmaq olmaz. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirdikləri zaman mina terrorunun qurbanı olması bütövlükdə dünya mediasına qarşı həyata keçirilən cinayət idi. Çünki bu ərazilərə beynəlxalq missiyaların, beynəlxalq KİV nümayəndələrinin də səfərləri nəzərdən keçirilir. Bu insanların da təhlükəsizliyilə bağlı narahatlığa əsas var. Statistikaya nəzər salsaq, 2020-ci il noyabrın 10-dan indiyə kimi mina terroru qurbanlarından 7-si hərbi qulluqçu, 32 nəfər isə mülki şəxsdir. Mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ermənistan bərpa-quruculuq prosesinə mane olmaq üçün mina xəritələrinin verilməsində riyakarlıq etdi. Üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir.
BMT Baş
Assambleyasının 76-cı sessiyasında da Prezident iljam Əliyev beynəlxalq ictimaiyyəti Ermənistanı azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini təqdim üçüm məcbur etməyə çağırdı.
Təəssüf ki, Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir.
Məlumdur ki, müharibədən sonra erməni hərbçilər onlarla yük maşınları tutumunda mina basdırdıqlarını etiraf ediblər. Amma bəzi rəsmi erməni dairələri məqsədli şəkildə
minalanmış ərazilərin xəritəsinin olmadığını iddia edir. Məqsəd isə aydındır – post münaqişə dövründə daha çox azərbaycanlının ölümünə nail olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasına mane olmaq. Bununla belə, Azərbaycanın 2030-cu ilədək milli prioritetlər sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi müəyyən edilib. Qarabağda bərpa prosesi sistemli şəkildə davam edir. Ərazilərin minalardan təmizlənmə prosesi də aparılır. Bununla belə, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqləri artırmalıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...