"Prezident Rusiya və Ermənistan tərəfinə xəbərdarlıq xarakterli mesajlar verdi" - POLİTOLOQ ŞƏRH ETDİ
“Cənab Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin yarımilliyinə həsr olunmuş müşavirədə bir sıra mühüm məsələlər səsləndirildi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, ölkə başçısı öz proqram nitqində siyasi, iqtisadi, sosial sahədə baş verən proseslərə toxundu: "Eyni zamanda müşavirədə regional siyasətə dair mühüm fikirlər söylənildi. Cənab Prezidentin üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin icra olunmaması ilə bağlı kəskin fikirləri xüsusilə qeyd olunmalıdır. Möhtərəm cənab Prezident Rusiya və Ermənistan tərəfinə bir sıra xəbərdarlıq xarakterli mesajlar verdi. Eyni zamanda qeyd etməliyik ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli birgə bəyanata görə, Azərbaycan ərazisinə müvəqqəti olaraq yerləşdirilən sülhməramlılarla yanaşı Ermənistan qüvvələrinin dəstələri regionu tərk etməlidirlər. Təəssüflər olun ki, 2 ilə yaxın vaxt keçsə də hələ bu proses başlamayıb. Bu da narahatlıq yaradan bir məqamdır. Regional təhlükəsizlik və sülhün dayanıqlılığı baxımından böyük təhlükə yaradır. Eyni zamanda sülhməramlıların da üzərinə böyük vəzifə düşür. Onlar regional sabitliyə töhfə verməlidirlər. Azərbaycan tərəfi rəsmi olaraq dəfələrlə bu məsələlərin pozulmaması ilə bağlı bəyanatlar səsləndirmişdir.
Düşünürəm ki, Azərbaycanla Rusiya arasında keçirilən ikitərəfli dialoqda hər zaman bu məsələnin vurğulanması prosesi bir qədər də sürətləndirir və biz sürətli nəticələr görmək istəyirik. Ermənistan tərəfi də bu xəbərdarlıqlara cavab verib. Artıq erməni qüvvələrinin çağırışçıları Qarabağda xidmət etməyəcəklər. Lakin bu kifayət deyil. Özünü müdafiə adı altında həmin ərazilərdə terrorçular və silahlı dəstələr qalmaqdadır. Buna görə də regional təhlükəsizliyə mənfi təsir göstərən elementlər ərazini tərk etməlidirlər. Regional, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması həm də təhlükəsizliyin bərpa olunması ilə paralel həyata keçirilməlidir. Sabit şəkildə iqtisadi inkişafı təşviq etmək üçün sülhün uzunmüddətli olmasına ehtiyac vardır. Bu xüsusda Azərbaycan tərəfi uzaqgörən siyasət yürüdür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB