Azərbaycan mətbuatı: 147 illik şərəfli tarixin qısa icmalı - ANALİZ

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin çapdan çıxması münasibətilə bu gün Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur

İbtidai insanlar tərəfindən əsası qoyulan informasiya çatdırmaq prosesi bizim eradan əvvəl II əsrin ortalarında ilk qəzetin yaranması ilə növbəti mərhələyə qədəm qoyub. Həmin dövrdə Roma küçələrində səyyar satıcılar “Acta populi diurna” (“Xalqın gündəlik həyatı”) adlı qəzeti reklam ediblər. Lakin Yuli Sezarın dövründə buna son qoyulub və onun göstərişi ilə Senatın iclaslarının hesabatları, sərkərdələrin göndərdiyi məlumatlar, qonşu dövlətlərin səfirləri barədə xəbərlər vərəqələrdə yerləşdirilməyə başlanıb.

“Əkinçi”dən başlayan şərəfli yol

Qəzetlərin indiki formatı isə XVI əsrdə formalaşıb. Qonşu Rusiyada ilk qəzet “Kurantı” adlanıb və onun günümüzə qədər saxlanmış ən qədim nüsxəsi 1621-ci ilə aiddir. İlk çap qəzeti isə I Pyotrın vaxtında, 1702-ci ildə satışa çıxarılıb və “Vedemosti” adlanıb.

Çap maşınının ixtirası bəşəriyyəti yeni sivilizasiyaya apardı. İnsanın tirajlanmış sözə, informasiyaya ehtiyacı özünü çox tez büruzə verdi və bəşər tarixində media epoxası başladı.

İndi insanlar geniş informasiya mənbələrinə yaxın olmaq, cəmiyyətdə baş verənlər haqda operativ və obyektiv məlumat almaq, elmi, texniki, siyasi, iqtisadi və digər sahələrdə gedən prosesləri izləmək məcburiyyətindədir.

Dünya jurnalistikası və informasiya sektoru hazırda sürətli yüksəliş dövrü keçirir və bu proses Azərbaycana da sirayət edir. Azərbaycan dünya ölkələri arasında mətbuatın yaranma tarixi və inkişafına görə ön yerlərdən birini tutur. Ona görə də istərdim ki, öncə Azərbaycan mətbuat tarixinə qısa bir səyahət edək.

Azərbaycanda çıxan ilk qəzet “Bakinski listok” hesab edilir. Qəzetin redaktoru Bakı Realni Gimnaziyasının müəllimi Xristian Sink idi. Rus dilində çıxan qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (köhnə təqvimlə 6-da) dərc olunmuşdur.

Azərbaycandilli mətbuatımızın tarixi isə 1875-ci ildən, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə başladı. Görkəmli maarifçi Həsən bəy Zərdabi xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın olmadığı bir vaxtda baş verdi. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən “Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub.

Həsən bəy Zərdabi Mirzə Fətəli Axundova göndərdiyi məktubda qəzeti yaratmaqda məqsədini belə izah etmişdi: “Bəlkə, sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “çox sağ ol” belə eşitməyə ümidiniz olmadan bu barədə zəhmət çəkirsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir. Xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”.

“Əkinçi” qəzetində Mirzə Ələkbər Sabirin, Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu.

“Əkinçi"nin səpdiyi toxumların cücərməsi

1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra “Ziya”, “Kəşkül” qəzetləri işıq üzü gördü. Sivil cəmiyyəti, milli mədəniyyəti artıq mətbuatsız təsəvvür etməyin mümkün olmadığı bir dövr başlamışdı. Təsadüfi deyil ki, Zərdabi özü “Kəşkül” qəzeti ilə “Şərqi-Rus” arasında keçən 13 ili- mətbuatsız keçən dövrü Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırmışdı.

İlk dövrlər azərbaycançılıq və maarifçilik ideyalarının ifadəsi mühüm mərhələ təşkil edirdi. M.Şahtaxtlının “Şərqi-Rus”u, Ə.Hüseynzadə, Ə.Ağaoğlunun “Həyat” qəzeti məhz azərbaycançılıq ideyalarının genişlənməsi, təbliği, aydınlaşdırılması məqsədilə yaradılmışdı. Lakin bu mətbuat orqanları xalq tribunasına çevrilə bilmədilər. Bu missiyanı öz üzərinə “Molla Nəsrəddin” jurnalı götürdü.

M.Şahtaxtinskinin «Şərqi-rus» adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxmışdır. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdir. «Şərqi-rus» qəzeti XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir.

Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən “Molla Nəsrəddin” jurnalıdır. Öz sələfləri kimi “Molla Nəsrəddin”in redaktoru Cəlil Məmmədquluzadə də ədəbi və publisist yaradıcılığı “əsrin aynası”, demokratiya uğrunda mübarizədə kəskin silah, kütlələr arasında təbliğatın qüdrətli vasitəsi hesab edir, jurnalını məhz belə bir silaha çevirmək üçün var qüvvəsini əsirgəmirdi.

Mirzə Cəlilin əsas qayəsi azərbaycanlını öz xalqına, keçmişinə, ənənələrinə sədaqətli tərbiyə etmək, milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı...

Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. 1-ci nömrəsi 1000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” adı dillərdə gəzməyə başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2000 nüsxə tirajla çıxarıldı.

1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə İrana köçdü. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpa etmişdir. Təbrizdə “Molla Nəsrəddin” jurnalının 8 nömrəsi çıxmışdır. Sovet hökumətinin təşəbbüsü ilə “Molla Nəsrəddin”in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır.

Azərbaycan mətbuatı Sovet dövründə

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan «Maarif» (cəmi 2 nömrəsi çıxmışdır) və «Qırmızı günəş» (sonra «Qızıl cavanlıq»), 1923-cü ildən çıxan «Gənc pioner», 1927-ci ildən çıxan «Pioner» jurnalları, «Azərbaycan pioneri» qəzeti və s. mətbuat orqanları yeni nəslin tərbiyə olunmasında mühüm rol oynayırdılar.

Sosialist respublika dövründə Azərbaycanda qəzetlərlə bərabər, müxtəlif səpkidə jurnalların nəşri də geniş vüsət almışdı. 1911-ci il noyabrın 29-dan Bakıda «Məktəb» adlı yeni bir uşaq jurnalı nəşrə başladı.

Sovet hakimiyyətinin ilk illərində çap olunan jurnallar sırasında “Füqəra füyuzatı” (1920-1921), “Xalq maarifi” (1920), “Yeni yıldız” (1921-1922), “Azərbaycan Ali İqtisadi Şurasının Əxbarı” (1921-1924), “Kooperativ işi” (1921-1925), “Gələcək” (1922) və başqalarının adını çəkmək olar.

Azərbaycan Xalq Maarif Komissarlığı 1922-ci ilin oktyabr ayının 14-də olan iclasında respublikada maarif işçilərinə, müəllimlərə kömək etmək, ədəbiyyatın, elmin, incəsənətin inkişafına yardım göstərmək məqsədi ilə “Maarif” adlı aylıq jurnalın nəşr olunmasını qərara aldı.

Beləliklə də, 1923-cü il yanvarın 28-də xalqımızın fikir tərcümanı və Azərbaycan Sovet Yazıçıları İttifaqının orqanı “Maarif və mədəniyyət” jurnalının 1-ci nömrəsi çapdan çıxdı. Sonralar müxtəli adlarla fəaliyyət göstərən jurnal “Azərbaycan” adını 1953-cü ilin yanvarından daşımağa başlayıb.

Sovet hakimiyyətinin ilk illərində «Kommunist» və «Bakinski raboçi» qəzetlərinin səhifələrində bölgələrdən tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda «Kəndçi qəzetəsi»nin birinci nömrəsi çapdan çıxdı.

AKP MK 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan «Şərq qadını»nın nəşr olunmasını qərara aldı. «Şərq qadını» jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən «Azərbaycan qadını» adı ilə nəşr olunmağa başlayıb.

Uşaq mətbuatı da inkişaf edirdi. 1927-ci ilin fevralında «Pioner» jurnalı kütləvi tirajla çıxmağa başladı. Sonralar uşaq və məktəblilər üçün müxtəlif qəzet və jurnallar dərc olunmağa başladı.

"Vışka" (1928), "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana" (1919), "Bakı", "Baku" (1958), "Ədəbiyyat və incəsənət" (1934) kimi qəzetlər də o dövrün sanballı mətbuat nəşrləri idi.

1934-cü il sentyabrın 2-də «Kommunist maarifi» qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək «Müəllim qəzeti» adlandırıldı. 1946-cı ilin aprelindən «Azərbaycan müəllimi» adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.

İdman mətbuatımızın ən böyük tarixə malik nəşri olan «İdman» qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932-ci ildə ilk dəfə «Azərbaycan bədən tərbiyəçisi» («Fizkulturnik Azerbaydjana») adı altında işıq üzü görmüş «İdman» qəzetinin artıq 90 yaşı var.

Sonrakı illərdə “Ədəbiyyat” (1933)», Azərbaycan pioneri» (1938), “Kirpi» jurnalı (1952), «Bakı» (1958) və s. mətbu orqanlar meydana gəlmişdir.

İlk sayı 1952-ci ildə nəşr olunan “Kirpi” satirik jurnalı cəmiyyətdəki nöqsanları üzə çıxarmaqda, ədalətsizliyə yol verənlərin, rüşvətxorların ifşa edilməsində istifadə olunan satirik üsluba görə “Molla Nəsrəddin” ənənələrinin davamçısı kimi çıxış edirdi. “Kirpi” jurnalı uzun illər rüşvətxorların, el malını dağıdanların, mədəniyyətimizə biganə qalanların və s. ifşa edilməsi üçün qətiyyətlə mübarizə aparıb.

Sovet dovründə Azərbaycanın demək olar ki, bütün şəhər və rayonlarda qəzetlər nəşr olunurdu. Bakıda isə onlarla qəzet-jurnal dərc olunurdu. Bəzilərinin tirajı 200-300 minə, hətta yarım milyona çatırdı.

XX əsrin 80-ci illərinin ortalarından SSRİ-də başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. “Azadlıq” qəzeti də 1989-cu ilin 24 dekabr tarixində işıq üzü görüb. Qəzetə tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edib.

1990-cı ildə “Səs”, “Zerkalo”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı. Daha sonra çox sayda yeni qəzetlər çıxmağa başladı.

Mətbuata dövlət dəstəyi inkişafın qarantı oldu

1992-ci ildə hakimiyyətə yiyələnmiş AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə digər sahələrdə olduğu kimi, mətbuat və söz azadlığı sahəsində də dözülməz vəziyyət yaranmışdı. Hakimiyyətin yuxarı eşelonunda qərar tutanların bilavasitə rəhbərliyi və göstərişləri ilə ölkədə mətbuat azadlığı hər addımda kobud şəkildə pozulur, jurnalistlər təqiblərə məruz qalırdılar. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün istiqamətlərdə, o cümlədən mətbuat və söz azadlığı sahəsində inkişafın yeni mərhələsi başlandı.

Həmin dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım bir daha azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasında dayandığını nümayiş etdirdi. Ümummilli lider mətbuatın cəmiyyətdəki rolunu daim yüksək dəyərləndirirdi. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Komissiya tərəfindən işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamızda demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahələrin inkişafına xidmət edən müddəalar öz əksini tapdı.

Eyni zamanda, hər bir sahə üzrə təkmil qanunlar qəbul olundu və onların zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsi daim diqqətdə saxlanıldı. Heç şübhəsiz, ulu öndər Heydər Əliyevin çağdaş milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidmətlərindən biri KİV üzərində senzuranı tamamilə ləğv etməsi oldu. 1998-ci il 6 avqust tarixli «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanla mətbuat üzərindəki senzura aradan qaldırıldı.

Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı digər fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, bu sahənin inkişafının dövlət siyasətində önəmini daha aydın görə bilərik.

Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib. Mətbuata böyük dövlət yardımları və güzəştlər edilib.

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı vaxtdan insanların öz fikrini sərbəst ifadə etmələrini, müstəqil mətbuata geniş meydan yaradılmasını, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, jurnalistlərin həyat tərzinin yaxşılaşdırılmasını, mənzil-məişət məsələlərinin həllini daim diqqət mərkəzində saxlayıb.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.

Hazırda ölkəmizdə media ilə bağlı dövlət siyasətinə Medianın İnkişafı Agentliyi (MEDİA) nəzarət edir. 2022-ci ildən etibarən Media haqda Qanun qüvvədədir. Mətbuat orqanlarına müxtəlif sahələrdə yardmlar və güzəştlər edilir. Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzillə təminatı üçün ümumilikdə 665 mənzildən ibarət 3 bina tikilib. Onlardan ikisi- 410 mənzil artıq əvvəlki illərdə jurnalistlərə paylanıb, 3-cü bina isə istifadəyə hazırdır.

MEDİA medianı necə dəyişir?

Hazırda informasiya əsrini yaşayırıq, dünyada da informasiya müharibəsi aparılır. Ona görə də ölkələr özlərində güclü, təsirli, dünyaya çıxa bilən media formalaşdırmağa çalışırlar. Azərbaycan dövləti də buna çalışır. Əgər əvvəllər biz informasiya və təbliğat müharibəsində ermənilərə uduzurduqsa, son dövrlərdə dünya informasiya məkanında nüfuzuzumuzu və təsirimizi artırmışıq. Məhz buna görə, 2-ci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə biz erməni təbliğat maşınını məğlub edə bildik və dünyaya Azərbaycan həqiqətlərini çatdıra bildik.

Hazırda mediamız əhalinin maarifləndirilməsi, şəffaf şəkildə məlumatlanması işini daha peşəkar həyata keçirir, dünya media məkanına inteqrasiya dövrünü dövlətin dəstəyi ilə effektiv formada keçir.

Bundan başqa, Medianın İnkişafı Agentliyi mətbuatda yazı layihələrini maliyyələşdirdiyinə görə, cəmiyyətə faydalı yazıların, dövlətimiz və xalqımızın mənafelərinə uyğun materialların, milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin vətənpərvər və milli ruhda böyüməsinə dəstək verən məqalələrin sayı artıb.

Jurnalistlərin peşəkarlığının artırılması üçün təşkil olunan təlim kursları, mətbu orqanlara birdəfəlik yardımlar, qəzet kağıznın ƏDV-dən azad edilməsi və sair addımlar mətbuatın inkişafına çox böyük töhfə verib.

Xüsusən də qəzetlərə olunan yardımlar təqdirəlayiqdir və bunun artırılması vacibdir. Çünki yazılı mətbuat ölkə mediasının məbədidir, nəhəng şəxsiyyətlərimizin qurduğu və bu baza üzərində inkişaf edən böyük bir məktəbdir.

Dövlət dəstəyi sayəsində bu gün qəzetlərimiz rəngli çıxır, rəngarəng və maraqlı yazılar, təhlillər, araşdırmalar, reportajlar, müsahibələrlə zəngin olur. Çap mediası informasiya çatdırılmasında elektron mediaya uduzsa da, yazılarının keyfiyyəti, yüksək səviyyəsi, intellektuallığı, peşəkarlığı cəhətdən öz mövqeyini qoruyub saxlayır.

Yeni qəbul olunmuş Media haqda Qanun da Azərbaycan mediasının dünya arenasına çıxmasına, peşəkar və nüfuzlu bir sistemə çevrilməsinə səbəb olacaq. Eyni zamanda, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına, onların mənzillə təmin olunmasına, müxtəlif güzəştlərdən yararlanmasına imkan verir.

Bütün bunlar ölkə prezidenti cənab İlham Əliyevin strateji inkişaf konsepsiyası çərçivəsində həyata keçirilən siyasətin tərkib hissəsidir. Bu siyasəti həyata keçirən icraçı orqan olan MEDİA da bu işdə qətiyyətlidir. Agentliyin mediaya yeni yanaşma qoyması, peşəkar kadr bazası, maliyyə yardımı, maddi-texniki baza ilə təmin olunmalarına dəstək verməsi bütün jurnalistlər tərəfindən alqışlanır.

Hazırda media dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Ona görə də, dövlət bu körpünün sağlam şəkildə bərqərar olmasına çalışır. Biz jurnalistlər də bu körpünün sağlamlığını qorumalıyıq ki, cəmiyyətimiz bu körpü üzərindən sağlam gələcəyə gedə bilsin.

Mediamız yeni çağırışlar qarşısında

Azərbaycanda 5000-dən artıq mətbu orqanın qeydiyyatdan keçməsini, azad mətbuata və azad sözə hər cür şəraitin yarandığını söyləmək olar. Lakin əldə olunan nailiyyətlərlə yanaşı, bəzi problemlər də var.

İnformasiya texnologiyalarının sürətli inkişafı, elektron medianın media sektorunda hakim mövqeyə gəlməsi nəticəsində çap mediası cəmiyyətdə və informasiya bazarında öz mövqelərini getdikcə daha çox itirir. Reklam bazarının zəifliyini də buraya əlavə etsək, maddi müstəqilliyin nə üçün mümkün olmadığını anlamaq olar. Artıq print media rentabelli fəaliyyət imkanlarından mərhum və sponsora möhtac vəziyyətə gəlib.

Son vaxtlar qəzet oxuma meyilinin xeyli azalması faktdır. Buna müxtəlif faktorlar təsir göstərir: elektron medianın, internet saytlarının artması, mütamadi olaraq qəzet almaq üçün çox adamın maddi imkanının çatmaması, qəzetlərin operativlikdə elektron mediadan geri qalması, bəzi KİV-lərin cəmiyyətə yox, müxtəlif qərəzli məqsədlərə xidmət etməsi və s.

Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyət artıq bu tendensiyanı həzm edə bilmir. Bu, özünü tirajlarda büruzə verir. Bu gün insanlarda əsl mətbuata ehtiyac var- sözün əsl mənasında müstəqil, qərəzsiz, obyektiv və həyatın bütün sahələrini, reallıqlarını özündə əks etdirən mətbuata.

Azərbaycan dövləti də, media siyasətini həyata keçirən MEDİA da buna çalışır. Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Dövlət əlindən gələni edir, biz də öz vəzifəmizi yerinə yetirməliyik. Jurnalistika və mətbuat adına ləkə gətirən hallara qarşı bütün cəmiyyət, o cümlədən jurnalistlər özləri mübarizə aparmalıdır.

Təmsil etdiyim “Səs” qəzeti müstəqilliyimizi əldə etməyimizdən bir neçə ay qabaq nəşrə başlamışdı. Qəzetin səhifələrində görkəmli ziyalıların yazıları dərc olunurdu. Böyük oxucu kütləsinə malik qəzet ölkənin taleyinə əhəmiyyətli təsir göstərdi. Ulu öndər Heydər Əliyev də bunu öz çıxışlarında qeyd edib. Bu gün də həm “Səs” qəzeti, həm də onun nəzdində yaradılmış “Səs” TV və “Səs” İnformasiya Agentliyi ölkə mətbuatının inkişafına, dövlətimizin və xalqımızın mənafelərinə xidmət etmək kimi şərəfli vəzifəni davam etdirir.

Jurnalistika həm şərəfli, həm də məsuliyyətli peşədir. Böyük şəxsiyyətlər müəllimləri və jurnalistləri ən müqəddəs peşə sahibləri hesab ediblər. Müəllimlər insanlara təhsil, təlim-tərbiyə verir, jurnalistlər isə maarifləndirir və məlumatlandırır. Amma bu peşə müqəddəs olduğu qədər də çətin peşədir.

Azərbaycan mətbuatının şərəfli tarixi var. Və bugünkü mətbuatımız da bu şərəfli tarixi davam etdirmək, tarixi ənənəmizin bütün dünyada təbliğini həyata keçirmək iddiasını ortaya qoyur.

22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə öz adımdan və “Səs” Media Qrup adından bütün həmkarlarımızı təbrik edir, xalqımız və dövlətimiz uğrunda yerinə yetirdikləri müqəddəs vəzifələrində uğurlar arzu edirəm.

Bayramınız Mübarək!

Bəhruz Quliyev

“Səs” Media Qrupunun rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə