"Ermənistan Azərbaycanın mövqeyi qarşısında uduzub" - SİYASİ EKSPERT AÇIQLADI
"İlin 6 ayının yekunları ilə bağlı müşavirədə aparılan müzakirələr, ilk növbədə Prezidentin hesabat məruzəsi ölkəmizin son aylarda bu günə qədər əldə etdiyi nailiyyətlərə, nəticələrə yekun vurulması, növbəti mərhələ üçün dövlətin strategiyasının əsas istiqamətlərinin müəyyən olunmasında çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, açıq və aydın təsəvvür yaratdı ki, Azərbaycan xüsusilə müharibədən sonra hansı yolu keçib və hansı nəticələrə nail olub: "Müşavirə Azərbaycan ilə müsbət və mənfi münasibətdə olan dünya qüvvələri üçün olduqca maraqlı mesajlarla doludur. İlk növbədə müharibədən sonrakı Azərbaycanın əsas prioritetləri və istiqamətlərini tanıtmaq baxımından Prezident İlham Əliyevin məruzəsi çox maraqlı materialları ortaya qoyur. Dünya bir daha gördü ki, Azərbaycanın məqsədi bölgəni yenidən müharibə sahəsinə qaytarmaq deyil. Ermənistan son aylarda Azərbaycanın sülh siyasətini gözdən salmaq üçün rəy yaratmağa çalışır ki, guya Azərbaycan yenidən müharibəyə hazırlaşır. Bu mənada Azərbaycan Prezidentinin ortaya qoyduğu mətləblər, həm də Ermənistanın ideoloji təxribatlarını önləmək baxımından önəmlidir, həm də bizim apardığımız gerçək siyasəti nümayiş etdirmək baxımından əvəzsizdir. Dünya bir daha gördü ki, Azərbaycan bölgədə sülhün tələblərinə məsuliyyətlə yanaşan bir ölkədir".
Aydın Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, eyni zamanda müşavirədə bölgənin tam şəkildə dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasında Ermənistanın nə qədər ziyanlı rol oynadığını, Rusiyanın hərbi siyasi dairələrinin burada konkret və aydın mövqe tutmamasını bir daha müşahidə etdik: "Cənab Prezidentin fikirləri bizim üçün ən mötəbər məlumat mənbəsidir. Prezident İlham Əliyevin ifadə etdiyi həqiqi və dəqiq mətləb bundan ibarət oldu ki, Zəngəzurda dəhlizin açılması istiqamətində Ermənistan tərəfindən heç bir hərəkət yoxdur. Faktiki surətdə Ermənistan həm bizi, həm də başqa tərəfləri aldadıb. Müşavirədə Prezidentin məruzəsi Azərbaycanın xüsusilə də müharibədən sonra apardığı siyasətin və ortaya qoyduğu təşəbbüslərin regionda sülhün və təhlükəsizliyin taleyi üçün müəyyənləşdirici rola malik olduğunu nümayiş etdirdi. Əlbəttə həm bizim üçün, həm də dünya üçün maraqlı nüanslardan biri də Azərbaycanın müharibədən sonrakı apardığı siyasət bölgənin taleyini müəyyənləşdirməklə bərabər, eyni zamanda bölgəmizlə əlaqəli ölkələr tərəfindən qəbul olunur. Bu o deməkdir ki, Ermənistan bütün diversiya cəhdlərinə baxmayaraq müharibədən sonrakı reallıqların dünyaya qəbul etdirməsində Azərbaycanın mövqeyi qarşısında tam şəkildə uduzub".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB