"Ermənistan qanunvericiliyi pozaraq bu aktı törədib" - DEPUTAT AÇIQLADI

"Bildiyiniz kimi, Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət etmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü: "İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar. Bu gün dünya ictimaiyyətinə ermənilərin "mənimsəmə siyasəti" artıq çoxdandır ki, məlumdur!

Lakin bu önəmli məsələ bir çox beynəlxalq qurumlar tərəfindən gözardı edilir və bu da müəyyən ermənipərəst güclərin sayəsində ört-basdır edilir. Günümüzdə ermənilərin məkirli planlarını ifşa etmə yönümündə bir çox önəmli işlər aparılmışdır və aparılır.

Bu gündə, Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb".

Deputat sözlərinə belə davam edib: "Müraciətdə qeyd olunub ki , ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur. Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur.

Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs, nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.

Müraciətdə qeyd olunduğu kimi, bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir!

UNESCO-nun Baş direktoru Odre Azuleyə göndərilən müraciətin çox önəmli olduğu vurğulanaraq: "Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır" deyə qeyd olunmuşdur.

Min illər boyu öz torpağına bağlı olan azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz olmuşlar. Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilmiş, Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilmişdir.
Beləliklə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilmişdir. Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi Ermənistan fars məscidi adlandıraraq təqdim edir.

"2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilmişdir. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub".

"Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət etmişdir. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycan şəhərinə aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-cü ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini də göstərmək olar. Belə ki, Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib".

Bu gün Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir.

Ümid edirik ki, bu dəfə də UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistan və onu dəstəkləyən qüvvələr maneə törətməz və belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olar!".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə