Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılması ölkəmizə qarşı böyük etimaddır ŞƏRH
Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir. Bildiyimiz kimi, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, Azərbaycan 2011-ci il tarixində Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunmuş və həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsin verməyə çalışıb. Beş il sonra 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının Sədri seçildi. Cari ilin iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur".
2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və ölkəmiz 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və etimadın nümunəsidir. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşsə də Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri oldu. Azərbaycan ilk gündən pandemiya ilə effektiv şəkildə mübarizə aparan ölkələr sırasındadır. Azərbaycan təkcə yerli səviyyədə deyil, beynəlxalq müstəvidə də pandemiya ilə effektiv mübarizəyə mühüm töhfələr verib. Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü çoxsaylı təşəbbüslər pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri kimi müvəffəqiyyət qazandı. Azərbaycanın təşəbbüsü ilə ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olundu. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Peyvənd millətçiliyinə qarşı kəskin etirazını bildirən Azərbaycan beynəlxalq səviyyədə dəstəkləndi və iqtisadi cəhətdən zəif dövlətlər üçün peyvəndin əlçatan olması kimi humanist bir missiyanın həyata keçirilməsində mühüm rol oynamış oldu. İlham Əliyev çıxışında bildirdiyi kimi, "Üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir".
2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasında COVİD 19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi, habelə ötən il mart və dekabr aylarında BMT İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamələrin qəbul edilməsi məhz Azərbaycan Prezidenti tərəfindən Qoşulmama hərəkatına üzv dövlətlər adından irəli sürülüb. "Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi. "Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik", - deyə Cənab Prezident bildirib ki, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi: "Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar".
Dövlət başçısı beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edirdi. Nəhayət Azərbaycan ədaləti bərpa etdi. "Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər", – deyə Azərbaycan Prezident bildirib. Cənab Prezident onu da diqqətə çəkib ki, Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur: "Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir". Dövlət başçısının vurğuladığı kimi, 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı.
Azər SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB