Azərbaycan Ordusu bütün vəzifələri yerinə yetirməyə qadirdir - ŞƏRH

Azərbaycan Ordusu bütün vəzifələri yerinə yetirməyə qadirdir - ŞƏRH

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanan şanlı Azərbaycan ordusu günü-gündən daha da güclənir, peşəkarlığını, döyüş qabiliyyətini durmadan artırır. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Vətən müharibəsindən sonra qalib ordumuz yeni silahlarla, ən müasir döyüş texnikaları ilə təchiz olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə komando hərbi hissələrinin açılışı, sərhədlərdə hərbi hissələrin yaradılması, eyni zamanda Silahlı Qüvvələrimizin sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olması ordumuzun gücünə güc qatır, düşmənə göz dağı verir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı olduqca mühüm məqamlara toxunaraq çox vacib mesajlar verdi. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesinin sürətlə getdiyini, Azərbaycan Ordusunun həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən daha da gücləndiyini, Ordumuzun inkişafı üçün ciddi addımların atıldığını, ən müasir silahların alınması üçün yeni kontraktların imzalandığını vurğulayan cənab Prezident işğalçı Ermənistana da açıq mesaj verdi: “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

Ermənistan 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yaşayış məntəqələrimizi talan edib, viran qoyub. Maddi-mədəniyyət və dini abidələrin dağıdılması, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Torpaqlarımız işğaldan azad edildikdən sonra qısa müddət ərzində bu ərazilərdə Azərbaycan dövləti yalnız öz gücünə olduqca böyük işlərərə start verib. Yaşayış məntəqələrinin bərpası, infrastruktur layihələrinin icrası, doğma Qarabağımızın dirçəldilməsi sürətlə və yüksək keyfiyyətlə icra edilir. Bütün bunlar deməyə əsas verir ki, tezliklə işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə həyat yenidən öz axarına düşəcək, onların əvvəlki şöhrəti bərpa olunacaq, vətəndaşlarımız öz doğma el-obalarına qayıdaraq xoşbəxt yaşayacaqlar.

Ayaz Quliyev, YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə