"Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir" - PARTİYA SƏDRİ DANIŞDI

"Bəlli olduğu kimi, Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri 1992-ci ildən etibarən keçirilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Xəzərin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycan diplomatiyasının rolu danılmazdır. Bu baxımdan 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Məhz həmin Zirvə toplantısında qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət göstərdi. Bu, eyni zamanda, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamas açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, həmin dövrdə Konvensiyanın imzalanması Xəzər dənizindən istifadə olunmasında bir konstitusiyanın qüvvəyə minməsi demək idi: "Konvensiyanın imzalanması tarixi bir hadisə idi. Bu konvensiyaya söykənərək sahil ölkələri Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrini daha da genişləndirmək imkanı qazandı. Ötən dövr ərzində isə Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası da möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Prezident İlham Əliyev Aşqabadda keçirilən Zirvə toplantısında da bildirdi ki, Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir". Qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.

Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Bu gün iqtisadi cəhətdən olduqca əlverişli bir coğrafiyada yerləşən Xəzəryani dövlətlər bu amildən tam istifadə etməlidir. Qlobal dünyada iqtisadi münasibətlərin inkişafı xalqların və dövlətlərin daha da yaxınlaşmasını, o cümlədən qarşılıqlı əlaqələrin güclənməsini aktuallaşdırır. Cənab Prezidentin də ifadə etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Ən əsası isə bu əlaqələrin genişlənməsi ölkələr arasında yeni nəqliyyat infrastrukturlarının formalaşmasına yol açır. Xəzər dənizi bu gün həqiqətən də multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm bir amildir və bu amil əməkdaşlığın mühüm istiqamətini təşkil edir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır".

Əsli Kazımovanın sözlərinə görə, Azərbaycan hər zaman milli maraqların uzlaşdırılmasına xidmət edən konstruktiv yanaşması ilə seçilib: "Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi əlaqələrin episentri, həm də körpüsüdür".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...