Özbəkistanla əlaqələrin qurulması türk birliyinin inkişafına böyük töhfələr verir ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etməsinə, iki dost və qardaş ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə böyük imkanlar yaradır. Səfər zamanı ortaq tarixə, mədəni irsə, eyni etnik kökə, dinə sahib iki ölkə arasında imzalanan sənədlər, ölkə başçılarının səsləndirdiyi fikirlər, dostluq və qardaşlığımızın sarsılmazlığını bir daha təsdiqlədi. Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə ucalmış dostluq əlaqələri xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Ümummilli lideri Heydər Əliyevin İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində əvəzsiz xidmətlərini qədirbilən özbək xalqı heç zaman unutmur. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması Ulu Öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir. Özbəkistan Prezidenti Şavkat Miromonoviçin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı Özbəkistanda Heydər Əliyevin xatirəsinin sevgi və hörmətlə yad edildiyini vurğulayaraq bildirib: "Mənim Özbəkistana səfərim çox əlamətdar hadisədən – Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, bugünkü dövlət səfəri təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox yaxşı bilir. Azərbaycan Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə sevinir. Bunun üçün Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Azərbaycan bu uğurları görür və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinir”.

Bu baxımdan böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycanla Özbəkistan arasında münasibətləri uğurla inkişaf etdirilməsi, Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulması bölgədə türk birliyinin inkişafına böyük töhfələr verir. Dost və qardaş Özbəkistan xalqı hər zaman oldugu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləyərək,xalqımızın haqlı mövqeyini müdafiə etdilər.Özbəkistan dövləti ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini dəfələrlə beynəlxalq təşkilatlarda, ikitərəfli və çoxtərəfli görüşlərdə dövlətimizin mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi Azərbaycan hökumətinə təqdim olunub. Əminik ki, azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcəkdir.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...