"Lavrovun İran səfərini müasir proseslərlə uzlaşdırmaq lazımdır" - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiya xarici işlər naziri Sergey Lavrovun İran səfərini müasir proseslərlə uzlaşdırmaq lazımdır. Çünki İran nadir ölkələrdəndir ki, Rusiyanın Ukraynaya təcavüzünə bəraət verir və Rusiyanın addımını Qərblə müharibə şəraitində olduğundan izah edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, ikinci məqam odur ki, İranla Rusiya arasında uzunmüddətli ikitərəfli sazişin imzalanması gözlənilir: “Sazişin həcmi də müzakirə predmetidir. İran tərəfi bunu 10-12 milyard dollarlıq layihə ilə, Rusiya isə biraz aşağı səviyyədə görür. Amma müzakirələr hələ davam etməkdədir”.

Politoloq sözlərinə belə davam edib: “Bu həm də Böyük Çin-İran -Rusiya üçbucağının formalaşdırılmasında da vacib addımlardan biridir. Bizim regiona gəldikdə isə Rusiyanın cənub istiqamətində nəqliyyat dəhlizlərinin fəal şəkildə istifadə edilməsi artıq gündəmdədir və bu istiqamətdə İran vacib rol oynayır. Bu həcmlər 1-2 milyon tonla deyil, 10 milyon tonlarla ölçülən həcmlərdir. Bu istiqamətdə də düşünürəm ki, İran Rusiya ilə uzlaşmaq məcburiyyətində olacaq. Eyni zamanda Zəngəzur dəhlizinin və Cənubi Qafqazda formalaşmaqda olan 3+3 formatının da müzakirə predmeti olacaq. Təsadüfi deyil ki, Lavrov İrandan sonra Azərbaycana səfər edəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...