"Ümummilli Lider Azərbaycanda hüquqi dövlət quruculuğunun banisidir" - ŞƏRH

Azərbaycanın müasir inkişaf tarixi 1993-cü ilin iyun ayından başlayır. Bu yüksək templi inkişaf isə Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi hesabına mümkün olmuşdur. XX əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa edən Azərbaycanda hökm sürən iqtisadi, siyasi böhran, ölkədaxili anarxiya 1993-cü ilin əvvəlində daha da kəskinləşərək silahlı qarşıdurmaya çevrilmişdi. Müstəqil respublikamızın tarixində çox ağır dövr yaşanırdı. Erməni təcavüzünə məruz qalan ölkəmiz, həmçinin vətəndaş müharibəsi ilə də qarşı-qarşıya idi. Ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Belə bir çətin dövrdə xalqımız müdriklik göstərərək görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni eranın təməli olmaqla qurtuluş bayramına çevrildi. Beləliklə də Azərbaycan 1988-ci ildən etibarən düşdüyü ağır vəziyyətdən birdəfəlik xilas oldu. Xalqın dəstək və qüvvəsinə arxalanan Ümummilli Liderimizin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində tezliklə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, silahlı qruplaşmalar zərərsizləşdirildi, dövlət çevrilişi cəhdləri iflasa uğradı, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi. Həmçinin iqtisadiyyatın inkişafı üçün əsaslı və cəsarətli islahatlar keçirildi, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı - bir sözlə, bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları, həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil etsək, yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunun şahidi olarıq.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin icrasına başlaması ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlayıb. Əbədiyaşar liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs sazişi imzalandı. Bir sözlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordu formalaşdırıldı. Ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi islahatları nəticəsində yenicə müharibədən çıxmış Azərbaycana xarici investisiyaların axını başlandı. 1994-cü ilin sentyabrında Bakıda dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və Hasilatın Pay Bölgüsünə dair sonralar “Əsrin müqaviləsi” kimi tanınan məşhur Saziş imzalandı. Məhz bu saziş Azərbaycanın yüksək templi inkişafının başlanğıcı oldu. Ulu öndərin öz təbirincə desək – “Əsrin müqaviləsi ilə qoyulan təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaratdı”.Güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoydu. İlham Əliyevin hakimiyyəti dönəmində də həm iqtisadi, həm sosial, həm hərbi, həm də gənclər siyasətində mühüm addımlar atıldı. Sağlam, vətənpərvər Azərbaycan gəncliyi yetişdi. Bütün bu proseslər isə Vətən müharibəsində qələbə qazanmaq üçün zəmin yaratdı. 27 sentyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə tarixi Azərbaycan torpaqlarını düşmən işğalından azad etmək uğrunda döyüşə atıldı. 44 gün müddətində tarixi ədalət bərpa olundu. Azərbaycan əsgəri Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşada çıxışı zamanı deyir: “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq”. Bu gün ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycan regionun lider dövlətinə çevrilib. Xalqımızın həyat səviyyəsi gündən-günə yüksəlməkdədir.

Orxan Salehli

YAP Yasamal rayon “Hüseyn Cavid pr.115” ünvanında yerləşən ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...