"IX Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir" - DEPUTAT AÇIQLADI

"IX Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir" - DEPUTAT AÇIQLADI

"Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi son illərdə böyük beynəlxalq platformaların, tədbirlərin təşkil olunduğu böyük bir mərkəzdir. Artıq ölkəmiz beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəlidir və ölkəmizdə keçirilən qlobal səviyyəli tədbirlər hətta bir çox ölkələrə nümunə göstərilir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu cür tədbirlər eyni zamanda dünyada dinlər və xalqlar, o cümlədən Avropa ilə Asiya arasında etimadın yaranmasına kömək edir: “Buna misal olaraq qeyd edə bilərik ki, 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilib. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib. Ölkəmizn eyni zamanda müxtəlif dünya və avropa çempionatlarına, beynəlxalq mədəni tədbirlərə də uğurla ev sahibliyi edib”.

Millət vəkilinin sözlərinə görə, məhz bu sadalananlar fonunda IX Qlobal Bakı Forumu da dünyanın diqqət mərkəzindədir: “İyunun 16-da öz işinə başlayan “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edir. Bu da IX Qlobal Bakı Forumuna beynəlxalq alımdə göstərilən maraqdan xəbər verir. Başqa bir tərəfdən Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması, Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s. rəhbərlərinin iştirakı. Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin isə müraciətləri bu tədbirə beynəlxalq aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir”.

V.İskəndərov onu da qeyd edib ki, IX Qlobal Bakı Forumu bir çox xüsusiyyətlərinə görə digər beynəlxalq forumlardan fərqlənir: “Öncə onu deyim ki, Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O baxımdan ki, Davosun yalnız iqtisadi, Münhenin isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq isə Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu adınadan da göründüyü kimi bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur”.

Deputat vurğulayıb ki, IX Qlobal Bakı Forumu bir məqama görə də diqqət mərkəzindədir: “Bəlli olduğu kimi öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra həm də yeni reallıqlar yaradan ölkəyə çevrilib. Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi, yaxud da həmmüəllifi kimi məhz Azərbaycan ön sırada dayanır. Bu sadalananlar fonunda bu cür tədbirlərə ev sahibliyi etməklə Azərbaycan bir daha güclü dövlət olduğunu ortaya qoyur, digər tərəfdən də bu tədbirlər vasitəsilə postmüharibə dövründəki reallıqları dünya birliyinə çatdırır. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında öz əskini tapan məqamlar da bunu bir daha təsdiq edir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə