“Heydər Əliyev -Milli Qurtuluşumuzun müəllifi” FOTOLAR

“Heydər Əliyev -Milli Qurtuluşumuzun müəllifi” FOTOLAR

14 iyun 2022-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı ilə birgə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində 15 iyun-Milli Qurtuluş günü ilə bağlı “Ümummilli lider Heydər Əliyev-Milli Qurtuluşumuzun müəllifi” mövzusunda elmi-nəzəri konfrans keçirmişdir. Konfrans başlamazdan əvvəl konfrans iştrakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirmişlər.Sonra konfrans iştirakçılarına Uşaq-Gənclər və İnkişaf Mərkəzinin təşkil etdiyi Ulu öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi təqdim olunub.

Konfrans öz işinə ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.Konfransı giriş sözü açan Mingəçəvir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirmişdir ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Sonra İlham İsmayılov qeyd edib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 19 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı.

Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Beləliklə, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.

Daha sonra Elmi-nəzəri konfransın proqramına əsasən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı tarixi zərurət idi”, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Ulu öndər Heydər Əliyev milli qurtuluşumuzun sərkərdəsidir”, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva “Ümummilli lider Heydər Əliyevin 1993-cü il 15 iyun tarixindəki xilaskarlıq missiyası müasir uğurlarımızın başlanğıc səhifəsidir”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi, İqtisad üzrə fəlsəfə doktoru Ruhiyyə Hüseynova “Ölkə Prezidenti cənab İlham Əliyevin qazandığı zəfərlər Azərbaycanın xoşbəxt gələcəyinin təminatıdır” mövzusunda çıxış etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə