Dövlət başçısının siyasətinin əsasında ədalət və humanizm prinsipləri dayanır TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi vətəndaşlar tərəfindən böyük məmnunluqla qarşılanır. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə də dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Ölkəmizdə şəhidlərə və onların ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir. Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsipləri dayandığını bir daha təsdiqləyir.
ŞƏHİD AİLƏSİ VƏ MÜHARİBƏ ƏLLƏRİNİN HƏYAT ŞƏRAİTLƏRİNİN YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ GÖRÜLƏN İŞLƏR DAVAMLIDIR
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində ardıcıl işlər görülür. 2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən sonra isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib və bundan sonra da veriləcək. Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Belə ki, bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib.
12 REABİLİTASİYA MÜƏSSİSƏSİ QAZİLƏRİN KEYFİYYƏTLİ XİDMƏTLƏRLƏ TƏMİNATINDA ROL OYNAYIR
Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Bu il müharibə əlillərinə 50, 44 günlük Vətən müharibəsindən sonra ümumilikdə 200, ümumilikdə ötən dövrdə 7400 avtomobil verilib. Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub.
Həmçinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə cəlb ediliblər. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.
ƏZALARINI İTİRMİŞ QAZİLƏRİN SON NƏSİL PROTEZLƏRLƏ TƏMİNATI PROQRAMI UĞURLA İCRA OLUNUR
44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Bütün bunlar dövlətin diqqət və qayğısıdır.
Bütün bunlarla yanaşı, 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.
Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlət qayğısı və diqqət davamlıdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB