Bu gün – qəhrəman xalqımızın taleyində böyük əhəmiyyət daşıyan, böyük dönüş yaradan günlərdən biri - Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.
“Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”- bu sözləri söyləməklə Ulu öndər xalqımızın taleyi ilə necə yaxından maraqlandığını bir daha sübut edərək ona azadlığın qapısını açdı. Xalqımız düşdüyü vəziyyətdən qurtuldu.
AXC-Müsavat iqtidarı səriştəsiz idi, dövlət idarəçiliyi sistemi yox idi, ölkədə fəaliyyət göstərən silahlı dəstələr 1993-сü ilin əvvəllərindən başlayaraq başıpozuq əməllərə yol verirdi, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meylləri baş qaldırmışdı və bütün bunlar ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Bütün bunlar Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Dövlət idarəolunmaz vəziyyətə gəlib çatmışdı. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdı. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac duyduğu anda Ulu öndərin qayıdışı faciələrin qarşısını aldı. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızın qurtuluşu buradan başladı.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etdi və biz hər il fəxrlə həmin günü qeyd edirik.
Bu əlamətdar hadisə tarizimizdə yaşanacaq uğurların, qələbələrin təməlini qoydu. Bizə Ulu öndərin ən böyük arzusu olan Azərbaycanımızı bütöv görmək qismət oldu. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söyləmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Bu günümüzün, müstəqilliyimizin memarı-Ulu öndər çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində zəmanəmizin əbədiyaşar dahisinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
İllər öncə Ulu öndər tərəfindən qurtulan Azərbaycan indi də Prezident İlham Əliyev tərəfindən yeni uğurlara, qələbələrə imza atır.
Şəbnəm Vahabova
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB