"Həssas qrupa aid olan insanlara hər zaman diqqət və qayğı göstərilir” - DEPUTAT AÇIQLADI

"Həssas qrupa aid olan insanlara hər zaman diqqət və qayğı göstərilir” - DEPUTAT AÇIQLADI

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına ən yüksək səviyyədə qayğı və diqqət göstərməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məhz 2021-2025-ci illərdə şəhid ailələrinə və müharibə əlillərinə mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət proqramı qəbul edilmiş və bu illər ərzində onlara mənzillərin və fərdi evlərin tamamilə verilməsi həyata keçiriləcəkdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, bu sahə üzrə təkcə 2021-ci ildə 3000 mənzil və yaxud fərdi ev təqdim edilmişdir: “44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra ümumilikdə 12 500 fərdi ev və ya mənzillərlə təmin olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti bütün dövlət strukturlarının qarşısına ən ptioritet vəzifə kimi şəhid ailə üzvlərinə və müharibə əlillərinə diqqət və qayğının göstərilməsini qoymuşdur. Eyni zamanda onların nəqliyyat vasitələri ilə təmin olunması istiqamətində işlər görülüb. Ölkəmizin iqtisadi gücü artdıqca onlara ödənilən sosial ödənişlərin məbləği artırılmağa davam edir. Pensiyaların müavinətlərin məbləği xeyli artırılmışdır. Digər bir tərəfdən isə onların məşğulluq probleminin həll olunması istiqamətində böyük addımlar atılmaqdadır ki, özünəməşğulluq proqramının əhatə dairəsi genişləndirilmiş və bu günə kimi 50 minə yaxın soydaşımız bu proqram ilə əhatə olunmuşdur. Əlbəttə ki, onların sağlamlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb. İstər ölkə daxilində, istərsə də ölkə xaricində qazilərimizin müalicəsi uğurla davam etdirilir.

Müasir realibitasiya mərkəzləri artıq istifadəyə verilmişdir. Həmçinin ölkə başçısının sərəncamı ilə "Yaşat" Fondu yaradılmışdır. Məhz "Yaşat" Fondu da dövlətlə yanaşı şəhid ailələrinə və qazilərə müəyyən məsələlərin həlli üçün yardım etməkdədir. Onu da qeyd edim ki, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də müxtəlif layihələr həyata keçirilir. Onlara dövlət dəstəyinin aparılması istiqamətində Azərbaycan dövlətinin apardığı siyasətlə yanaşı Heydər Əliyev Fondu da bu məsələlərdə müxtəlif layihələr həyata keçirmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti tərəfindən bu həssas qrupa aid olan insanlara hər zaman diqqət və qayğı göstərilir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə