Vətən torpağının azadlığı uğrunda can fəda edən mərd və cəsarətli oğulları ilə qürür duyur Azərbaycan. Müharibə başlayan ilk günlərdən Azərbaycan xalqının igid övladları düşməndən qisas almaq və 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımızın azad olunması məqsədi ilə silaha sarıldılar. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək şücaət, qəhrəmanlıq göstərdilər və Vətən torpaqları uğrunda vuruşdular. Cənab Prezident çıxışlarının birində vurğuladığı kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq". Bu gün vətən torpaqlarının azad olunmasında sağlamlığını itirənlər və şəhid olanların ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan dövləti və xalqı üçün əlbəttə ki, hər bir hərbçi əzizdir və dəyərlidir. Dövlət başçısı çıxışlarının birində onların həyatında yeni dövrün başlandığını bildirmişdir: "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək".
Əlbəttə ki, vəd və əməl hər zaman özünü təsdiqləyib. Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpa məqsədi ilə 4-cü nəsil müasir protezlərlə təmin edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib.
Müharibədə sağlamlığını itirmiş oğullar bütün varlıqları qədər bağlı olduqları Vətənin müqədədsliyini dərk edərək vuruşmuş, qan tökmüş, şəhid və əlil olmuşdular. Qazilik və şəhidlik müqəddəs addır və onların hər biri müqəddəs yol seçərək bu mərtəbəyə yüksəlmişlər. Bu gün nədənsə, qazi kimi şərəfli ada ləkə gətirmək istəyənlərə təsadüf edirik. Görəsən, buna səbəb nədir? Öz sağlamlığını itirmiş, yaralanmış qazilərin hərtərəfli təminatı ilə bağlı kifayət qədər dövlətimiz tərəfindən işlər görüldüyü halda bu hay-küyə lüzum varmı? Axı bu adı qazanan, qazi olan insanlar müharibəyə yola düşəndə heç bir ad, maddi təminatı belə düşünmədən sağlam təfəkkürlə savaşa qalxdılar. Vətən bütün təminatlardan yüksəkdədir. Bəs, bu gün bir qisim insanlar – "qazilər" arasında nə baş verir. Özünü qazi kimi təqdim edən və orada olduğunu bildirən "saxta qazilər"dir belə səs-küy qoparanlar. Əlbəttə ki, belə insanlara qarşı cəmiyyətin baxışı kəskindir. 44 günlük Vətən müharibəsində torpaq uğurunda mücadiləyə qalxaraq, erməni işğalında olan torpaqlarımızın azad olunması yolunda od-alov içinə atılan mərd olullarımız belə bir şəkildə hansısa bir etirazlarını bildirərmi? Ön cəbhədə vuruşan oğullarımız, düşmən gülləsi ilə üz-üzə qalanda yalnız "Vətən" deyiblər. Azərbaycan Zəfər qazandıqdan sonra dövlətimizin şəhid ailələrinə, qazilərə hərtərəfli dəstəyi, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Cənab İlham Əliyevin müvafiq göstərişi ilə Azərbaycanda yeni ordenlər və medallar təsis edildi. Bu dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür. Diqqət və qayğı ilə əhatə olunmuş qazilərimizin adına xələl gətirən "qazilər" ən yüksək ucalıqda dayanan adlardan olan qazi adından sui-istifadə edirlər. Dövlətin hərtərəfli dəstəyi, diqqət və qayğısı fonunda qanuna zidd əməllər sərgiləmək əlbəttə ki, yolverilməzdir. Sözsüz ki, bu hamıya şamil oluna bilməz. Vətən adını hər şeydən üstün tutan, bu torpağın namusunu qanı ilə qorumağa can fəda edən oğullarımız ən böyük ehtirama layiqdirlər. Bu gün də danışanda ağzından od püskürən qazilərimizi görəndə fəxr edirik. Dövlətdən hansısa bir formada dəstək və qayğı ummurlar. Heç zaman belə oğullar hansısa bir məqsədi əsas götürərək döyüş meydana atılmayıblar. Dövlətimiz tərəfindən onlara ayrılan diqqət, qayğı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin, fiziki sağlamlığını itirən qazilərin, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub, vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə 30 min şəxsə xidmətlər göstərilib. Bütün bunlar dövlətin diqqət və qayğısı deyilmi? Bütün bunların fonunda hansısa qazinin dövlətdən nəsə unması nə dərəcədə düzgündür. Dünya ölkələrində də müharibələr baş verib. Amma onlara dövlət tərəfindən onlara bu şəkildə qayğı varmı? Vətən torpağı qarşısında borc verərkən təmənna olmur.
Şəhid ailələrinə və əlillərə keçən il 3 min, bu il 1500 mənzil verilib və bundan sonra da veriləcək. Bəs, bu diqqət deyilmi? Müharibədən çıxmış bir dövlətin öz qazisinə bu şəkildə yanaşması onun humanist addımıdır. Dövlət başçısının vurğuladığı kimi, "Həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük". Cəmiyyətimizdə bir qisim insan tərəfindən sərgilənən neqativ hallar insanlar tərəfindən ikrahla qarşılanır. Əlbəttə ki, cəmiyyətimiz açıq fikirli və hər kəsi öz simasında tanımağı bacarır. Əl-ayağını itirən, dünyaya baxan gözünü itirən, psixoloji travmalar alan vətən oğullarımız heç zaman bu cür hay-küyə qoşulmaz və dövlətin mənafeyin hər şeydən üstün tuturlar. Üzdəniraq insanların addımlarına sosial şəbəkələrdə təsadüf etdikdə, təəssüflənirik ki, Vətənə can fəda edən oğullarımızın adına kölgə salmaq niyyətində olan insanlar kimlərinsə bəlkə də sifarişlərini yerinə yetirirlər. Belə dələduzlar hətta məscidlərin, ziyarətgahların ətrafında sui-istifadə halların yol verirlər. Azərbaycan xalqı tükü-tükdən seçən həssas xalqdır. Qəhrəman oğulları ilə fəxr edən dövlətimizin Mübariz İbrahimov, Podad Həşimov kimi oğulları bir qəhrəmanlıq dastanı yazdılar. Vətən qarşısında oğul borcu olaraq.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB