Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası, daha sonra demarkasiyası və ondan da sonra iki ölkə arasında sülh müqaviləsinin bağlanması prosesinə hazırlaşır. 44 günlük müharibədən sonra iki ölkə rəsmiləri arasında artıq iki rəqəmlə hesablanacaq görüşlər keçirilib, müxtəlif qurumıar arasında təmaslar qurulub, müzakirələr aparılıb. Baxmayaraq ki, II Qarabağ - Vətən müharibəsində Azərbaycan inamlı qələb qazandı, yenə də humanizm prinsiplərindən çıxış edərək rəsmi Bakı Ermənistana şans verib. Ki, özünü ağıllı aparsın, verilən şansı dəyərləndirsin. Halbuki, birinci Qarabağ savaşında ermənilər hər bir şansı fürsət bilib, şəraitdən istifadə edərək azərbaycanlıları öz doğma yurdlarından qovub çıxarıb, öldürüb, yandırıb və onların başına olmazın müsibətlərini gətirib. Bu gün isə qalib Azərbaycan insanlığa sığmayan, xüsusən də ermənilərə xas olan vandalizm hərəkətlərini təkrarlamaq niyyətində olmadığını hər addımda sübut edir, qarşı tərəfə də adekvat addım atmaq imkanı yaradır.
Ermənistan küçələrində baş verənlər isə fərqli münasibətlər yarada, Azərbaycanın fəqrli addımlar atmağa vadar edə bilər. Azərbaycan qalib ölkə kimi regionda, iki ölkə arasında sülh istəyir, 30 illik münaqişəyə son qoymaq istəyir. Rəsmi Bakı bu yanaşmada daim qala bilməz, səbr kasası daşanda isə yenidən silahlar danışa, revanşistlərin arzuları çin ola, yeni müharibə başlaya bilər. Növbəti toqquşmalarda isə Ermənistanın varlığı sual altına düşə bilər. Buna baxmayaraq Ermənistanın paytaxtında bir aydan çoxdur ki, etiraz aksiyaları təşkil edən daşnaksütyun partiyası Azərbaycanl sülh müqaviləsi imzalamaqdan uzaq kimi görünür. Hətta tərəfdarlarını Azərbaycanla sərhəd problemlərini həll etməyə, sülh müqaviləsi imzalamağa hazırlaşan hakimiyyəti devirməyə səsləyir, küçələri bağlayır, hakimiyyətin işini iflic edir, insanları itaətsizliyə çağırır.
Bəs dünya ölkələri, xüsusən də sülhyaratmada iştirak edən Avropa və Rusiya regionda baş verən hadisələrə hansı münasibəti sərgiləyirlər? "Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında son gərginlik kontekstində Avropa İttifaqının bütün xalqların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təmin etmək üçün iki ölkə ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha təsdiqləyib". Bu barədə Ş.Mişelin mətbuat katibi Barend Leytsin bəyanatında deyilir. Qeyd edib ki, Avropa İttifaqı Şurasının rəhbəri iki ölkənin sərhəd komissiyalarının mayın 24-də baş tutan ilk tarixi iclasını alqışlayıb. Delimitasiya kontekstində o, Ermənistan və Azərbaycan arasında dövlət sərhədi boyunca sabitliyin və təhlükəsizliyin təmin edilməsinin müstəsna əhəmiyyətini vurğulayıb.
Avropa İttifaqı Şurasının prezidenti vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin stabil tənzimlənməsi üçün bütün həll edilməmiş məsələlərin həlli, o cümlədən gələcək sülh sazişi ətrafında müzakirələrin irəli sürülməsi və münaqişənin əsas səbəblərini aradan qaldırmaq vacibdir. Ş.Mişelin sözlərinə görə, Qarabağda birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına səbəb olan bütün əsas məsələlər həll edilməli, davamlı və ədalətli sülh üçün şərait yaradılmalıdır. Hər hansı bir münaqişə irsi kimi, bu kontekstdəki terminologiya xüsusilə həssasdır. Mişelin liderlərin mayın 22-də keçirilən görüşünün yekunu ilə bağlı bəyanatı müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təsdiqi kimi qəbul edilməməlidir. O bildirib ki, mayın 22-də Brüsseldə keçirilən görüşdə regionun kommunikasiyalarının blokdan çıxarılması məsələsinə xüsusilə toxunulub. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu üçün ekstraterritorial ambisiyaların olmadığını təsdiqləyib. Nəhayət, Ş.Mişel xalqların sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın mühüm rolunu vurğulayıb. O, İrəvan və Bakı liderlərini salamlayıb və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin təmin edilməsi üçün işləmək niyyətində olduğunu, həmçinin Aİ-nin etimad tədbirlərinə yardımını gücləndirməyə hazır olduğunu bildirib.

Bunun ardınca Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya prezidenti Ermənistanın baş nazirini ad günü münasibətilə təbrik etməklə yanaşı Ermənistan-Rusiya ikitərəfli münasibətlərin gündəliyi barədə müzakirə aparıb, regional problemlərə, o cümlədən Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunub. Rusiya Federasiyasının prezidenti Ermənistan və Azərbaycanın sərhəddə demarkasiya və təhlükəsizlik məsələləri üzrə komissiyalarının ilk iclasını alqışlayıb və Rusiyanın sərhədlərin demarkasiyası prosesinə yardım etməyə hazır olduğunu təsdiqləyib. Sazişə əsasən, komissiyaların növbəti iclasının Moskvada keçiriləcəyi vurğulanıb.
Regional kommunikasiyaların açılması məsələsi də müzakirə edilib, üçtərəfli işçi qrupun işinin aktivləşdirilməsinə dair razılıq əldə olunub. Baş nazir Paşinyan Rusiya Federasiyasının prezidenti ilə son Brüssel görüşü ilə bağlı təəssüratlarını bölüşüb və müzakirənin mahiyyəti ilə heç bir əlaqəsi olmayan şərhlərdən narahatlığını bildirib. Ermənistan Baş nazirinin və Rusiya Prezidentinin 19 aprel tarixli birgə bəyanatının müddəalarına uyğun olaraq, həmsöhbətlər "Dağlıq Qarabağ problemi"nin həlli ilə bağlı, xüsusən, ATƏT-in Minsk qrupunun həmsədrliyinin işinin intensivləşdirilməsi məsələlərini müzakirə ediblər.
Bu arada jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini və Komissiyada təmsil olunan Qnel Sanosyan bildirib ki, Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclası yaxşı və konstruktiv şəraitdə keçib. Əlavə edib ki, konstruktiv, normal, peşəkar müzakirə olub. İlk iclasda kifayət qədər mühüm məsələlər qaldırılıb, iş gündəliyi müəyyən edilib. Sanosyan sərhəddə baş verən son hadisədən danışaraq qeyd edib ki, erməni əsgərin ölümü bu kövrək münasibətlərə təsirsiz ötüşmür, cəmiyyətdə inamsızlıq yaradır.
Nəzərə alsaq ki, Ermənistanı hazırda idarə edən iqtidara müxalifətdə olan, daha doğrusu Azərbaycanla sülhə razılıq verən hakimiyyəti devirməyə və münasibətləri yenə sıfırıncı həddə gətirmək istəyənlər bu dəqiqə paytaxtın küçələrindədir və Paşinyan üçün real təhlükəyə çevriliblər, baş nazirin şansının nə qədər olacağını proqnozlaşdırmaq çox çətindir. Biz yazının əvvəlində həm Avropa İttifaqının, həm də Rusiyanın rəhbər şəxslərinin məsələyə münasibətlərini qeyd etdik. Bir az da dərinə getsək, sülh yaratmaq iddiasını ortaya qoymuş Brüssellə Moskvanın açıq şəkildə müharibə apardığını görə bilərik. Üzdə hər şeyin normal getdiyi görüntüsü yaratsalar da, gizlində bir-birinin mövqeyini zədələmək siyasəti yürüdülür, kimin Cənubi Qafqazda qalacağı məsələsi həll olunur. Maraqlı sualdır, Cənubi Qafqazda kim qalacaq, Avropa İttifaqı, yoxsa Rusiya?
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB