“Üçtərəfli görüşdən sonra komissiyaların yaradılması irəliyə doğru addımdır” AÇIQLAMA

“22 mayda Belçikanın paytaxtı Brüsseldə baş tutmuş üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və regionda iqtisadi inkişaf imkanlarının reallaşdırılması istiqamətində planlaşdırılan məsələləri baxımından uğurlu olmuşdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Brüsseldə keçirilən bu görüş sayca üçüncüdür və hər bir görüşdə iki ölkə arasında münasibətlərin normalaşdırılması və regiona uzunmüddətli sülhün gəlişi istiqamətində yaratdığımız yeni reallığın icrasına hesablanıb: “Çox təəssüf ki, əvvəlki görüşlərdə razılaşdırılaraq Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və müvafiq razılaşmalar masa üzərində qalmışdır. Amma 22 may görüşündən sonra həm Azərbaycanda, həm də Ermənistanda sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin müzakirəsi üçün komissiyaların yaratdığı haqqında sənədlər imzalandı. Bu, keçirilən üçtərəfli görüşün uğuru kimi qeyd etmək olar. Həm də Zəngəzur dəhlizinin açılması, tranzit daşımaların beynəlxalq normalara uyğun təşkil edilməsi və ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması gündəlikdə müzakirə məsələləri olmuş və razılaşdırılmışdır. 22 mayda keçirilən üçtərəfli görüşdə növbəti görüşlərin keçirilməsi üçün vaxtlar müəyyənləşdirildi və hər bir görüşün keçirilməsinə qədər icra olunmalı olan məsələlərin gündəliyi razılaşdırıldı”.

A.Badamov onu da bildirdi ki, üçtərəfli görüşdən dərhal sonra müvafiq komissiyaların yaradılması artıq irəliyə doğru bir addım kimi deyərləndirmək olar: “Təbii ki, 30 il düşmənçilik ruhundan yaşamış xalqların arasında münasibətlərini yenidən inkişaf etdirilməsi çətin və zamana ehtiyac olan məsələdir. Həm də Ermənistan daxilində buna mane olan müəyyən radikal qüvvələr də mövcuddur. Amma təklif etdiyimiz 5 prinsipin alternativi yoxdur və Ermənistan bu prinsipləri qəbul etmiş və artıq reallaşdırılmasına doğru addımlar atılmağına başlanmışdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə