Azərbaycan-Türkiyə: geostrategiya üzərində qurulmuş vahid liderlik faktoru

Prezident İlham Əliyevin Brüssel görüşündən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi daha hansı məqamlara söykənir?

Azərbaycan-Türkiyə qardaşlığı əsasında formalaşan daha bir gerçəklik budur ki, məhz 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra regionda yaranan yeni geosiyasi mühit lider ölkə keyfiyyətlərini daha çox önə sürdü. Artıq əminliklə deyə bilərik ki, regionun lider ölkəsi qardaş Türkiyədir və Türkiyənin liderliyi eyni zamanda Azərbaycanın liderlik imkanlarına kifayət qədər münbit təsirlərini göstərməkdədir. Daha dəqiq desək, dəyişən reallıqlar fonunda Azərbaycan-Türkiyə birliyinin, müttəfiqliyinin geostrategiyası üzərində qurulan vahid siyasət vektoru liderlik faktorlarını da ehtiva etməkdədir.

Azərbaycan Türkiyəsiz, Türkiyə də Azərbaycansız qərarlar qəbul etmir, qarşılıqlı və davamlı müzakirələr fonunda əhəmiyyətli qərarlar verilir, nəticələr hasil olunur

Vətən müharibəsindən əvvəl və sonra regionda cərəyan edən hadisələrin müqayisəsini də aparsaq belə qənaətə gələ bilərik ki, əslində qazanılmış bu uğur düşünülmüş və məqsədyönlü vahid strategiyanın məntiqi nəticəsidir. Regional məsələlərin hər birində Azərbaycan Türkiyəsiz, Türkiyə də Azərbaycansız qərarlar qəbul etmir, qarşılıqlı və davamlı müzakirələr fonunda əhəmiyyətli qərarlar verilir, nəticələr hasil olunur.

Məlum olduğu kimi, mayın 22-də keçirilmiş növbəti Brüssel görüşündən sonra Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edərək Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Rəsmi məlumatlardan da əldə etdiyimiz informasiyaya görə, dövlətimizin başçısı görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə və s. danışıqlar predmetlərinə toxunub və eyni zamanda, üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.

O cümlədən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Hər iki qardaş ölkənin liderləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar. Həmçinin, dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Əbəs deyil ki, festivalın şüarı da cəlbedici və qürurdoğurucudur – Bir millət, iki dövlət, tək festival!

Çıxarılan daha bir uğurlu nəticə budur ki, Türkiyə istər iqtisadiyyat, istər sənaye, istər hərbi-müdafiə və hərbi sənaye, istərsə də digər faktorlarda daim Azərbaycanın yanında olduğunu praktiki şəkildə sübuta yetirməkdədir. Biz buraya iki ölkənin Müdafiə Nazirlikləri tərəfindən keçirilən və ənənə şəklini alan planlı hərbi təlimlərini, habelə birgə iqtisadi layihələri icra etməsini də göstərə bilərik.

Yeri gəlmişkən, artıq iki ölkənin qardaşlıq bağlarını əlaqələndirən daha bir önəmli hadisə reallaşdırılacaqdır. Bakıda dünyanın ən böyük texnologiyalar nümayişi – Texnofest (Teknofest) festivalı keçiriləcək. Əbəs deyil ki, festivalın şüarı da cəlbedici və qürurdoğurucudur – Bir millət, iki dövlət, tək festival!

Mayın 28-də isə həm mühüm festivalın keçirilməsi, həm də Respublika Günü ilə bağlı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Əroğanın Bakıya rəsmi səfəri planlaşdırılır. Bu səfər əsnasında isə isə növbəti müzakirələr aparılacaq, qərarlar qəbul ediləcək.

26-29 may tarixlərində keçiriləcək festivalda həm qardaş ölkənin, həm də ölkəmizin qabaqcıl hərbi və s. sənaye texnologiyaları təqdim ediləcək. Əlbəttə ki, bütün bunlar yaxın gələcəkdə regional liderlik amilini daha yüksək sferaya qaldıracaq və regional nüfuzun möhkəmləndirilməsinə öz münbit təsirlərini göstərəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə