Azərbaycan-Avropa İttifaqı münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir - POLİTOLOQ AÇIQLADI

"İndiki dövrdə Azərbaycan-Avropa İttifaqı münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Bunu bir neçə aspektdən dəyərləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, burada iqtisadi, siyasi, mədəni, regional, qlobal səviyyədə əməkdaşlıqdan söhbət gedə bilər: "Azərbaycan və Avropa İttifaqı arasında siyasi əməkdaşlıq mövcuddur. Çünki Azərbaycan Avropa Şurasının üzvüdür. Eyni zamanda Avropa dövlətlərinin də iştirak etdiyi bəzi regional və qlobal layihələrdə iştirak edir və birgə fəaliyyət göstərir. Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir. Çünki Azərbaycanın nefti və qazı demək olar ki, Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılır. Bu gün Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri Avropa dövlətlərinin enerji təminatında mühüm rol oynayır. Eyni zamanda “TANAP” və “TAP” layihələri çərçivəsində Avropaya çıxan Azərbaycan qazı Avropanını 6 dövlətini qaz təminatına xeyli dərəcədə dəstək olur. Bu, çox önəmli məsələlərdir. Ümumiyyətlə Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, münaqişənin həll edilməsi və Cənubi Qafqazda sülhün əldə edilməsi dəstək verən tərəflərdən biri də məhz Avropa İttifaqı idi. Bu Azərbaycan üçün olduqca mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, gələcəkdə Azərbaycan və Türkmənistan qazı Avropa Birliyinin bazarlarına çıxarıla bilər. Bütün bunları nəzərə alsaq, Azərbaycan və Avropa İttifaqı münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini deyə bilərik".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə