Azərbaycan həm də önəmli bir tranzit ölkədir

Azərbaycanda mövcud olan nəhəng nəqliyyat layihələri beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Respublikamızda həyata keçirilən bu layihələr təkcə ölkəmiz üçün, bölgə üçün deyil, eyni zamanda bütün dünya üçün də böyük əhəmiyyət daşıyır. Bu sahədə aparılan məqsədyönlü və uzaqgörən siyasət, görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan hazırda mühüm nəqliyyat dəhlizləri Şərq – Qərb, Şimal – Cənub marşrutları üzrə önəmli bir qovşağa çevrilib. Hazırda bu istiqamətlərdən keçən bütün yollar Azərbaycanda birləşir. Tarixi ipək yolunun bərpasından sonra Azərbaycan Şərqlə Qərbi birləşdirən tranzit bir ölkə sayılır. İpək yolunun bərpasında Azərbaycan həm təşəbbüsçü kimi, həm də ilk dəfə bu istiqamətdə mühüm işlər görən bir ölkə kimi tarixə düşüb.

Bu il may ayının 18-də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Litva Respublikasının prezidenti cənab Gitanas Nausedanın iştirakı ilə Bakıda keçirilən Azərbaycan – Litva biznes forumunda hər iki dost ölkə üçün mühüm əhəmiyyət kəsb edən bir çox vacib məsələlərə toxunuldu. Biznes forumunda uzun illər strateji tərəfdaşlar olan Azərbaycan və Litva arasında iqtidasiyyat, ticarət, investisiya, nəqliyyat və digər başqa sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulması üçün münasib vaxtın yetişdiyi xüsusilə vurğulandı. Ərazicə bir – birinə o qədər də yaxın məsafədə yerləşməyən iki dost ölkə arasında nəqliyyat sektorunda əməkdaşlıq məsələləri də müzakirə olundu. Biznes dairələri üçün dayanıqlı, şaxələndirilmiş nəqliyyat yollarının olması xüsusi əhəmiyyət kəsb edir. Odur ki, Möhtərəm Prezidentimizin məqsədyönlü siyasəti, gərgin əməyi sayəsində regionun yeni nəqliyyat xəritəsi yaradılıb. Artıq Cənubi Qafqazda, Xəzər dənizi boyunca və Asiyada əlverişli coğrafi mövqeyindən istifadə edərək Azərbaycan dəniz limanı, dəniz yolu bağlantıları, bir neçə hava limanları, avtomobil yolları şəbəkəsi yaradıb. Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin üstündə yerləşən Azərbaycan həm də şimaldan - qərbə gedən yüklərin ötürülməsində mühüm rol oynayır.

Biznes forumunda çıxışı zamanı Möhtərəm Prezidentimiz demişdir ki: “Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq. Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır”.

Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsindən sonra Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını vurğulayan Möhətərəm Prezidentimiz cənab İlham Əliyevin təbirincə desək: “Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat lahiyələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa bu prosesdən faydalana bilər”.

Qeyd etmək lazımdır ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaqdır. Türk dövlətləri üçün böyük önəm daşıyan bu yol gələcəkdə həm də bütün Türk dünyasını birləşdirəcəkdir.

Çox yaxşı haldır ki, Avrasiyanın fərqli hissələrində yerləşən Azərbaycan və Litvanın iqtisadiyyatları həm də bir-biri ilə rəqabət xarakterli deyildir. Hər iki dost ölkənin birgə səyləri və layihələri nəticəsində bu dövlətlər arasında qarışılıqlı etimada söykənən çoxsahəli iş birliyi qurmaq mümkündür. Əminliklə demək olar ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər. İnanrıq ki, Azərbaycan – Litva münasibətləri yüksələn xətlə inkişaf edəcək və çox yaxın gələcəkdə hər iki dost ölkə bu qarışılıqlı əlaqələrin inkişafından yetərincə bəhrələnəcəkdir!

Nəsibə Tağıyeva

YAP Qazax rayon təşkilatı Qazax şəhər 5 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...