TÜRKİYƏ QARABAĞIN BƏRPASINDA AZƏRBAYCANLA BİR YERDƏDİR TƏHLİL

Prezident İlham Əliyev: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”

Azərbaycan və Türkiyə dost, qardaş və rəsmi müttəfiq. Bu vaxta qədər çox böyük sınaqlardan keçən bu iki ölkə dünya miqyasında bir-birinə ən yaxın müttəfiqə çevrilib. Bu gün tarixi köklərə bağlanan qardaşlıq birliyi bundan sonra daha da möhkəmlənəcək. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bir daha bu birliyin əbədi və sarsılmaz olduğunu bildirib: "Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”. Dövlət başçımız hər zaman xoş və çətin günlərdə bir yerdə olduğunu söyləyib və bildirib ki, İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib: “İlk saatlardan savaşın son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır» deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq”.

“BU GÜN DƏ BİZ BİR YERDƏYİK, QARABAĞIN İNŞASINDA BƏRABƏR, ÇİYİN-ÇİYİNƏ ÇALIŞIRIQ”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri zamanı bildirib ki, bu gün Qarabağın bərpasında da qardaş Türkiyə Azərbaycanla bir yerdədir. Bir çox Türkiyə şirkətləri, o cümlədən Rize-Artvin hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Dövlət başçımızın da söylədiyi kimi: «Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik. Bu gün iki qardaş ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında mövcud olan dostluq əlaqələrinin rolu böyükdür. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir".

QARABAĞIN BƏRPASI SÜRƏTLƏNDİRİLİR – TÜRK ŞİRKƏTLƏRİ ÖN PLANDADIR

Həmişəki kimi, bu gün də Qarabağın bərpası işində türk qardaşlarımız bizimlə bərabər çalışır. Türkiyə şirkətləri, o cümlədən Rize-Artvin Hava Limanı ərsəyə gətirən şirkət də Qarabağın bərpasında yaxından iştirak edir: "Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir". “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirib. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma layihələrinin icrasına başlayan şirkətlər arasında Türkiyə şirkətləri ön sıradadır. Artıq türk şirkətləri Azərbaycan üçün önəmli infrastruktur layihələrini icra etməyə başlayıblar. Xüsusilə, Füzuli-Şuşa avtomobil yolunun tikintisində onlar Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. “Zəfər yolu” adlandırılan 101 kilometrlik yolun çəkilişində Türkiyənin 2 şirkəti – “Kolin İnşaat Sanayi Turizm və Ticaret A.Ş” və “Özgun Yapı Sanayi ve Ticaret AŞ” şirkətləri iştirak edir. Ötən il noyabrın 16-da təməli qoyulmuş “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Bu yol Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2 hərəkət zolaqlı və ikinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda sözügedən avtomobil yolu boyunca suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsü inşa edilir. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla, yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. “Zəfər yolu” Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə Füzuli və Şuşa şəhərləri də daxil, 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. İş həcminin böyüklüyü və layihənin qısa müddətdə yekunlaşdırılmalı olduğu nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı”, “7 nömrəli Magistral Yolların İstismarı” və “Azvirt” MMC-lər də tikintiyə cəlb olunub.

Göründüyü kimi, regionun liderləri və əsas söz sahibləri olan Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüş və müzakirələr iki dövlət üçün gələcəkdə atılacaq addımlar baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılış mərasimindəki çıxışlar qardaş ölkənin gündən-günə güclənməsində Prezident Rəcəb Tayyib Ərdoğanın yüksək xidmətlərinin olduğunu bildirib: «Biz bu gün arzuladığımız qüdrətli bir Türkiyə görürük. Məhz bu gün həyatın bütün sahələrində inkişaf dövrünü yaşayan türk dövləti dünya miqyasında böyük güc mərkəzinə çevrilərək söz sahibi olub. Birliyimizin sarsılmaz olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, xalqımız İkinci Qarabağ müharibəsinin ilk günündən Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın mənəvi, siyasi dəstəyini gördü. Azərbaycan heç vaxt bu qardaşlığı, bu dəstəyi unutmayacaq. Bu həm də o demək idi ki, biz tək deyilik, xalqımıza bu mənəvi dəstək böyük ruh verirdi".

“ZAMANLA BÜTÜN QARABAĞ ABADLAŞACAQ, BUNA İSƏ HEÇ KƏS MANEƏ OLA BİLMƏZ”

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq işğaldan azad olunmuş torpaqlara səfər etməklə bu ərazilərin Azərbaycana aid olduğuna, xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə və verilən vədlərin gerçəkliyə çevrildiyinə bütün dünyaya açıq şəkildə mesajıdır. Həmçinin, bu səfərlər bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz. Və.....

“BİZ AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARI BƏRPA EDƏCƏYİK, BƏRPA EDİRİK”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günü Füzuli və Şuşa şəhərlərinə səfər etməsi və Şuşadan etdiyi müraciəti bir daha Qalib Liderimizin sözü ilə əməlinin üst-üstə düşdüyünün reallığıdır. Dövlətimizin başçısının da söylədiyi kimi, Heydər Əliyevin ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. “Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”, - deyə Prezident səfəri çərçivəsində görülən işlərlə tanış olaraq, iş icraçılarına vacib tövsiyələr verdi: "Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz – bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur". Bəli, bu gün bütün bərpa işləri planlı şəkildə və yüksək səviyyədə görülür. 2021-ci ilin ilk ayından başlayaraq işğaldan azad olunmuş torpaqlara Qalib Liderinin Qələbə yürüşü hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Dövlət başçımızın dediyi kimi: "Bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə