Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır - DEPUTAT ŞƏRH ETDİ

İki qardaş ölkənin - Türkiyə və Azərbaycanın həmmüəllifi olduqları yeni bir dastanı yazıldı. Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri və Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimində iştirak etməsi dünya mətbuatının ən çox müzakirə olunan mövzusuna çevrildi. Əlbəttə, bu gün hər iki qardaş ölkə dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi sərgiləyirlər. Bu dostluq, qardaşlıq və müttəfiqlik prinsipləri əsasında qurulmuş münasibətlər uğurla inkişaf edir. Biz fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərinin analoqu yoxdur və bu münasibət ürəkdən gəlir, milli maraqlarımıza tam olaraq cavab verir. Bu əlaqələrin mahiyyəti Azərbaycan və Türkiyə xalqlarının böyük öndərlərinin tarixi kəlamlarında öz əksini tapıb. Ulu Öndərimiz Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” fikirləri iki ölkənin dostluq və qardaşlığından qaynaqlanır. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik", Prezident Rəcəb Tayyib Ərdoğanın "Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir" fikirləri isə Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmazlığını ifadə edir. Prezident Rəcəb Tayyib Ərdoğanın doğulduğu Rizedə hava limanının açılışına Azərbaycan Prezidentini dəvət etməsi və mərasimində iki dövlət başçısının birgə iştirakı qardaş ölkə ilə münasibətlərinin ən yüksək səviyyədə olmasından xəbər verir. Bu gün iki ölkənin həm sevincli, həm də kədərli günlərində bir-birinin yanında olmaları, dəstək göstərmələri xalqlarımızı qəlbən yaxınlaşdırır, qürurlandırır və daha geniş fəaliyyət göstərmələrinə stimul verir. Bu münasibət, yanaşma 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanmasında da öz sözünü dedi. Ərazi bütövlüyümüzün bərpa edilməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyi danılmazdır. Ermənistanla müharibə zamanı və postmüharibə dövründə Türkiyə Azərbaycanın ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə etdi. Bu gün isə Türkiyə işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə Azərbaycana dəstək göstərir. Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda Türkiyə ilə bağlı məsələlərin müzakirəsində qardaş ölkənin maraqlarından çıxış edərək onu müdafiə edir, qətiyyətli dəstək verir. Bütün bunlar iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinəən böyük töhfədir. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz-həmrəyliyimiz heç vaxt sarsılmayacaq! Prezident İlham Əliyev açılış mərasimində Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin önəmi haqqında belə deyib: "Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".

Beləliklə, Artvin-Rize beynəlxalq hava limanının açılışında Prezident ilham Əliyevin də iştirak etməsi onu deməyə imkan verir ki, həm Azərbaycan, həm Türkiyə birlikdə inkişaf edəcək və iki qardaş ölkənin gücünə güc qatacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə