Zəngilanda da bütün tarixi-dini abidələrimiz düşmən tərəfindən dağıdılıb ŞƏRH

Zəngilanda da bütün tarixi-dini abidələrimiz düşmən tərəfindən dağıdılıb ŞƏRH

Prezident İlham Əliyev mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar Vahid Hacıyevi videoformatda qəbul etmişdir. Dövlət başçımız qəbul zamanı çıxışında olduqca vacib məqamlara toxunmuşdur. Cənab İlham Əliyev ilk öncə erməni vandalizmindən, faşizmindən söz açaraq bildirdi ki, Zəngilan rayonunun da azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qaldığını, Ermənistan işğalçı qüvvələrinin Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etdiyini, eyni zamanda, rayonda bütün tarixi-dini abidələrimiz düşmən tərəfindən dağıdıldığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bunlar bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan-erməni faşizmindən xilas etmişdir.

Prezident onu da bildirdi ki, artıq tarixi-dini abidələrimizin bərpası işinə başlanmışdır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur.

Hər zaman Azərbaycan xalqının, sadə ölkə vətəndaşlarının qayğısını çəkməyi özünün əsas vəzifəsi hesab edən möhtərəm Prezidentimiz yenə də azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verildiyini, azad edilmiş bütün torpaqlar kimi, Zəngilan rayonunun da bərpa olunacağını, həm də bu sahədə birinci rayon olduğunu və artıq keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə oraya qayıda biləcəklərini bildirdi. Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edildiyini vurğulayan prezidentimiz bildirdi ki, “Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır”.

Dövlət başçımız qeyd etdi ki, son illərdə ərzaq təhlükəsizliyi istiqamətində bir çox işlərin görülüb, ancaq hələ ki, özümüzü tam şəkildə, yəni, 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Prezidentimiz görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacağına əminliyini bildirdi.

Zəngəzur dəhlizinin artıq reallıq olduğunu vurğulayan cənab İlham Əliyev bildirdi ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik.

Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolunun çəkildiyini qeyd edən dövlətimizin başçısı deyib ki, bu yol tam yeni və daha əlverişli marşrutla keçir. Həm vətəndaşlar bu yolla rahat gedib-gələcəklər, həm də beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaq.
Zəngilan rayonunda böyük turizm potensialı olduğunu vurğulayan prezidentimiz qeyd etdi ki, gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvətdir. Heç şübhəsiz ki, cənab İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda Zəngilan rayonu bərpa ediləcək, rayonda otellər, istirahət zonaları yaradılacaq, kənd turizmi inkişaf etdiriləcək. Təbii ki, bu, həm oraya qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq, həm də turistlərin bu bölgələrə axınına ciddi şəkildə təsir edəcək.

Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə