Prezident: “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir"
23 il öncə, 1999-cu ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Ordusunun ən çevik və yüksək döyüş qabiliyyətinə malik bölmələrindən olan Xüsusi Təyinatlı Qüvvələri yaradılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən vahid komandanlıq altında birləşdirilən Azərbaycan Ordusunun bu bölmələri Türkiyə Silahlı Qüvvələri və onun Xüsusi Təyinatlı Qüvvələri ilə sıx əməkdaşlıqla formalaşdırılıb. Artıq son 19 ildə Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı qüvvələrə yüksək diqqət yetirir, onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mütəmadi nəzarətdədir. Qeyd edək ki, heç də hər hərbçi Xüsusi Təyinatlı Qüvvələrin üzvü seçilmək hüququ qazanmır. Bunun üçün ağır təlimlər, hərbi imtahanlar, iradə nümayişi vacib şərtlərdən olmaqla, burada əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmən arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, asimmetrik döyüş və sair kimi hazırlıqlar üzrə təlimlər keçirilir.
Mübaliğəsiz demək olar ki, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşdü. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub və heyət qarşısında çıxış edib. 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoyan və Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ölkəmizə qələbələr qazandırmada davam edir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi zəfərini diplomatiya meydanında təkrarlayır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib ki, Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilib: "Bu gün bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilib". Bu hərbi hissədə müharibədən bir il əvvəl olduğunu, xüsusi təyinatlılarla görüşdüyünü xatırladan dövlətimizin başçısı deyib: “Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Ermənistan, Ermənistan silahlı qüvvələri Azərbaycan xüsusi təyinatlılarının adı gələndə titrəməyə başlayırlar. Onların canlarında olan bu xof bu günə qədər çıxmayıb və çıxmayacaq".
"BU GÜN İSƏ BÖLGƏMİZDƏ VƏZİYYƏT TAM FƏRQLİDİR"
Azərbaycan Prezidenti qeyd edib ki, biz tarixi ədaləti bərpa etdik, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik: «Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq. Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu şərəflə yerinə yetirdik»,-deyən dövlət başçısı söyləyib ki, hər zaman ayıq olmalıyıq: «Çünki Ermənistanda bu gün də revanşist qüvvələr baş qaldırır. Ermənistanda bu gün də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edənlər var. Biz bunu daim diqqət mərkəzində saxlamalıyıq, buna laqeyd olmamalıyıq. Məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna əlavə vəsait ayrıldı və necə ki, 2004-cü ildən bu günə qədər bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq, o cümlədən, xüsusi təyinatlıların sayının artırılması artıq reallıqdır. İndi sayla bağlı mən bir şey demək istəmirəm. Ancaq onu deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırıldı, indi seçim daha sərtdir və maraq daha böyükdür, müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi Vətən sevgisi bu seçimin əsas şərtləridir".
"BİZİ İRƏLİYƏ VƏTƏN SEVGİSİ APARIRDI, XÜSUSİ TƏYİNATLILAR BU AMALLA SİNƏSİNİ QABAĞA VERİRDİ"
Ordumuzu qələbəyə aparan amillərdən danışan dövlətimizin başçısı deyib ki, biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək: "Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi".
"DÜNYA ETİRAF EDİR Kİ, AZƏRBAYCANLILAR KİŞİ KİMİ VURUŞDULAR, DÜŞMƏNİ DİZ ÇÖKDÜRDÜLƏR"
"Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər»,- deyən Silahlı Qüvvələrin Ali Baş Komandanı deyib ki, həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz: «İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir. İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər».
"ERMƏNİSTANIN KAPİTULYASİYA AKTINA İMZA ATMAQ MƏNİM HƏYATIMDA ƏN QÜRURLU HADİSƏDİR"
"Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq",-deyən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini verdi və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı: «Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir".
"QARABAĞ ERMƏNİSTANDIR VƏ NÖQTƏ» DEYƏN DÜŞMƏN BU GÜN «QARABAĞ AZƏRBAYCANDIR!» DEYİR"
"Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başlamışdır və illər keçdikcə ordumuz öz gücünü artırmışdır". Bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib. "Bunu biz işğal dövründə müxtəlif zamanlarda görmüşük, o cümlədən Aprel döyüşlərində. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal idi ki, işğala son qoyun, torpaqlarımızdan çıxın, rədd olun. Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir".
"MƏN PREZİDENT KİMİ ÖZ SƏLAHİYYƏTLƏRİMİ İCRA ETMƏYƏ BAŞLAYAN ZAMAN DEMİŞDİM Kİ, MƏNİM ÜÇÜN PREZİDENT VƏ ALİ BAŞ KOMANDAN KİMİ BİRİNCİ VƏZİFƏ ORDU QURUCULUĞUDUR"
Dövlət başçısı vurğulayıb ki, bütün bu qələbələri, məhz ordumuzun gücü ilə əldə etdik: «Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq»,-deyən dövlət başçısı söyləyib ki, Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayandan birinci vəzifə ordu quruculuğunu gücləndirmək olub: «Mən Prezident kimi öz səlahiyyətlərimi icra etməyə başlayan zaman demişdim ki, mənim üçün Prezident və Ali Baş Komandan kimi birinci vəzifə ordu quruculuğudur. Çünki torpaqlarımız işğal altındadır, danışıqlara ümidlərimiz tükənib və güc yolu ilə biz bu məsələni həll etməliyik. Bunu illər boyu bəyan edirdim, çalışırdım Ermənistan rəhbərliyi, nəhayət anlasın ki, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi, Azərbaycan Ordusu bu işğalla heç vaxt barışmayacaq. Bunu rəsmən bəyan edirdim ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu».
“BİR YUMRUQ KİMİ BİRLƏŞDİK VƏ DÜŞMƏNƏ ELƏ SARSIDICI ZƏRBƏLƏR ENDİRDİK Kİ, BU GÜNƏ QƏDƏR DƏ ÖZÜNƏ GƏLƏ BİLMİR”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısında çıxışı zamanı söyləyib ki, Vətən müharibəsi bizim şanlı tariximizdir: «Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq və arxa oldu, bütün Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir".
“ERMƏNİSTAN ORDUSUNUN QALIQLARI BU GÜN BAKININ MƏRKƏZİNDƏ, HƏRBİ QƏNİMƏTLƏR PARKINDA NÜMAYİŞ ETDİRİLİR”
Dövlət başçısı bildirib ki, olmayan ordudan danışan Ermənistana 44 günlük müharibədə xalqımız bir yumruq kimi birləşərək onları diz çökdürdük və onların qalıqları artıq Bakının küçələrində – Hərbi Qənimətlər Parkındadır: «Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilmişdir. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir".
“BİZ GÜCLÜ ORDU YARATMIŞIQ, BUNDAN SONRA DA BU İSTİQAMƏTDƏ İŞLƏR APARILACAQ”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bildirib ki, ulu öndərin ordu quruculuğu sahəsində gördüyü işlərin nəticəsində Azərbaycan Ordusu demək olar ki, sıfırdan yaranmağa başladı və illər keçdikcə ordumuz öz gücünü artırdı: «Bunu biz işğal dövründə müxtəlif zamanlarda, o cümlədən Aprel döyüşlərində görmüşük".Aprel döyüşlərinin işğalçılar üçün bir mesaj, bir siqnal olduğunu qeyd edən dövlətimizin başçısı deyib: «Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. “Qarabağ Ermənistandır və nöqtə” deyən düşmən bu gün “Qarabağ Azərbaycandır” deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq».
“XÜSUSİ TƏYİNATLILAR VƏTƏN MÜHARİBƏSİNDƏ TARİXİ ZƏFƏRİMİZİN ƏLDƏ OLUNMASINDA XÜSUSİ ROL OYNAYIBLAR”
Dövlət başçısı onu da vurğulayıb ki, 23 il əvvəl ulu öndər Heydər Əliyev növbəti dəfə uzaqgörənlik göstərərək imzaladığı Fərmanı ilə yaradılan Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradıldı və bu qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi. 1999-cu ildə vəziyyətin fərqli olduğunu, münaqişənin sülh yolu ilə həll olunması üçün ümidlərin tükənmədiyini qeyd edən dövlətimizin başçısı o gündən bu günə qədər xüsusi təyinatlıların böyük və şərəfli yol keçərək, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək tarixi Zəfərimizin əldə olunmasında xüsusi rol oynadıqlarını vurğulayıb: «Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri aydındır. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, ölkə rəhbərliyində olan şəxslər isə öz vəzifə borcunu yerinə yetirə bilməmişdir. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi və 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdir".
Beləliklə, bizim torpaqlarımızın işğalı əfsuslar olsun ki, reallığa çevrilmişdi və Ermənistan da, ona havadarlıq edən dairələr də bilir ki, bu gün nə qədər revanşdan danışsalar da müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil. Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün mümkün ssenarilərə uyğun davranmağa hazırdır və bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək. Əminik ki, bütün bunlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağa, sözün bütün mənalarında, Böyük Qayıdış hərəkatını da sürətləndirəcək. Çünki Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB