Prezidentin söylədiyi fikirlər Azərbaycanın maraqlarına tam cavab verir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Prezidentin söylədiyi fikirlər Azərbaycanın maraqlarına tam cavab verir - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda ölkə Prezidentinin çox əhatəli, dərin məzmunlu bir çıxışı oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, ölkə başçısının çıxışı həm tarixi aspektlərlə, həm bugünkü reallıqlarla, həm də Azərbaycanın gələcək planları ilə bağlı çox maraqlı məlumatlarla zəngin idi: "Dövlət başçısının Azərbaycan tarixini yaxşı bildiyi, beynəlxalq birlikdə baş verən proseslərdən məlumatlı olduğu və məsələyə milli maraqların qorunması baxımından çox həssas və prinsipal yanaşdığı hiss edilir. Müxtəlif səpkidə və müxtəlif məzmunda verilən suallara çox təmkinlə və arqumentlə cavab verdi. Bu çıxışdan bir daha aydın oldu ki, Azərbaycanın bu gün öz milli maraqlarını uğurla müdafiə edən, xalqı ilə sırf təmasda olan, xalqın bu gününü və sabahını düzgün müəyyən edə bilən bir lideri var. Cənab Prezident keçmiş Dağlıq Qarabağ probleminin kökü ilə bağlı tarixi məsələlərə də toxundu. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq birliyin çox təəssüf ki, Azərbaycana dəstək vermədiyini və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ATƏT-in Minsk qrupunun deyil də Azərbaycanın özünün yerinə yetirdiyini diqqətə çatdırdı. Ermənistanın əsas məqsədinin işğal etdiyi torpaqları viran qoymaq, nə yolla olursa-olsun onu öz nəzarəti altında saxlamaq istədiyini bu çıxışında vurğuladı. Bununla belə Azərbaycanın bu 30 ildə işğalla barışmadığı və torpaqlarını işğaldan azad etmək üçün böyük əzm göstərdiyini nümayiş etdirdi. Bundan sonrakı planlar isə həmin torpaqları yaşayış üçün yararlı hala salmaq, həmin torpaqlarda yenidən insanların yüksək səviyyədə yaşayışını təmin etməkdir. Bunun üçün cənab Prezident konkret rəqəmlərdən, planlardan danışdı. Göründüyü kimi bunlar konfrans iştirakçılarını tamamilə qane etdi. Ölkə başçısı İlham Əliyevin region və dünya ilə bağlı söylədiyi fikirlər bu gün beynəlxalq birliyin, regionun və ən əsası isə Azərbaycanın maraqlarına tam cavab verir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə